Qazaxıstan mətbuatı martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilmiş yoldaslıq görüşünün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi haqda xəbər dərc edib. İddia edilib ki, oyun 1:1 hesabı ilə başa çatmalı olub. Bunun qarşılığında rəqib komandanın otel və məşq meydançası xərcləri AFFA tərəfindən təmin olunub. Lakin nəticə danışıldığı kimi olmadığından, tərəflər arasında narazılıq yaranıb.
Newsport.az-ın məlumatına görə,bu iddiaya AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu münasibət bildirib. Saytımıza açıqlamasında o, bunları söyləyib: "Bunların hamısı cəfəngiyatdır.Azərbaycan yığmasının iştirak etdiyi yoxlama oyunlarında heç bir danışılmış matçdan söhbət gedə bilməz. Şübhəsiz ki, bizim bu oyundan heç-heçə gözlədiyimiz, uduzduğumuza görə dava saldığımız barədə deyilənlər də yalandır. Üstəlik, AFFA heç-heçə müqabilində guya qazaxların otel və məşq xərclərini çəkdiyinə dair iddialar da həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, hakimlərin qonorarı, matçın teleyayımı üçün xərclər AFFA və QFF arasında tən yarı bölünmüşdü.Həmən məlumatı yayan mətbu orqan rəsmi deyil,bir qrup azarkeş tərəfindən yaradılmış bir saytdır".
Qeyd edək ki,martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilmiş yoldaslıq görüşü 1:0 hesabı ilə qazaxların xeyrinə başa çatıb.