Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov vəfat edib.
Mirkamil Rəhimov1956-cı il iyunun 18-də Bakı şəhərində anadan olub.
1970-ci ildən başlayaraq idmanın sərbəst güləş növü ilə yaxından məşğul olub və idman ustalığına namizəd normasını yerinə yetirib.
1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsinə daxil olub və institutda ictimai əsaslarla qrup Komsomol katibi vəzifəsini yerinə yetirib.
1977-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Rusiyanın Xabarovsk vilayətinin Svobodnıy şəhərində bir il yarım hərbi xidmət keçmişdir.
Hələ tələbəlik illərində Azərbaycan SSRİ Avtomobil Nazirliyinin 2708 №-li avtomobil dəstəsində istehsalat gimnastikası üzrə təlimatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. Ordu sıralarında xidmətini bitirdikdən sonra yenidən öz işinə qayıdıb.
1979-cu ildən “Spartak” KİC RŞ-də təlimatçı, baş təlimatçı vəzifəsində çalışmışdır.
1987-ci ildə Həmkarlar İttifaqları idman cəmiyyətinin Bakı şəhər Şurasında baş təlimatçı, sonra da sədr müavini vəzifəsinə təyin olunmuşdur.
1992-ci ildə Azərbaycan Respublikası Dövlət İdman Komitəsində Kütləvi Bədən Tərbiyəsi və Sağlamlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
1992-ci ildə AHİŞ İdman Sarayının direktoru təyin edilmişdir.
1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində idarə rəisinin müavini və sonradan idarə rəisi vəzifəsində çalışmışdır.
1994-cü ildən hal-hazırki vaxta kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman İdarəsi (sonradan şöbəsi) rəisi vəzifəsində çalışır.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının prezidentidir.
“Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2006-cı il tarixli
Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
affa.az