"İnter"in qapıçısı Kamran Ağayev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:1) sonra Newsport.az saytının suallarını cavablandırıb.
- Oyundan sonra hakimlər otağına yollandınız...
- Bəli, bunu inkar etmirəm. Mən hakimlərin otağına tez-tez baş çəkirəm. Sadəcə, idarəçiliklərinə görə təşəkkürümü bildirdim.
- Yəni hakimlikdən razı qalmışdınız?
- Hakimlərin qəsdən belə idarəçilik etdiyini düşünmürəm. Səhvlər var idi. Çünki onlar da insandır. Hər kəs səhv edir. Uduzmuşuqsa, hakimlikdən danışmağımız düzgün olmaz.
- Penalti var idi?
- Bəli. Oyun vaxtı da buna çox etiraz etmədik.
- Bəs "İnter" "Neftçi"yə niyə uduzdu?
- Biz göstərməli olduğumuz oyunu sərgiləyə bilmədi. Bunu niyə edə bilmədiyimizi isə bizə baş məşqçi izah edəcək. Öz meydanımızda uduzmağımız çox pis oldu. Oyundan sonra "Qəbələ" ilə "Zirə"nin də uduzduğunu eşitdim. Belə oyunlarda uduzmamalıyıq. Biz çox yaxşı şansı əldən verdik.
- Uğur qazanmağınıza nə mane oldu?
- Xüsusi heç nə. Böyük səhvlərə yol vermədik. Rəqibə şans verdiyimiz yeganə epizod elə penalti epizodu idi. Amma özümüz ələ düşən şanslardan yararlana bilmədik. Çoxlu top itkisi var idi.