Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Qazaxıstanla yoldaşlıq oyunundan (0:1) sonra Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verdi.
- Türkiyədə yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan yığmasına məğlub oldunuz. Oyun haqda nə deyə bilərsiniz?
- Oyunun təzyiqinə əsasən deyə bilərik ki, o qədər də çətin görüş keçmədi. Qapıya vurulan ilk zərbədə müdafiədə boşluq oldu və dəxlisiz qol vurdular. Düşünürəm ki, o topun qapıya getməsinin qarşısını ala bilərdim. Hansı çətin top olursa olsun onun qapıya getməsinin qarşısını almağa borcluyuq. Ümumilikdə pis oynadığımızı demək olmaz. İkinci hissədə daha yaxşı oyun göstərdik. Sadəcə standart vəziyyətlərdə uduzrduq. Çünki bizdə futbolçular boydan balaca idi. Ancaq bir az tez fikirləşib, tez oynasaq nəticə əldə edə bilərdik.
- Bəzi epizodlarda hesab arasındakı fərq arta bilərdi. Hətta iki dəfə də tir komandamızı qoldan xilas etdi...
- İdmanda təsadüf nəticə vermək olmur. Ola bilər ki, idmançı təsadüfən məğlub olsun. Amma qələbə təsadüf olmur. Baş məşqçi oyundan əvvəl də bütün oyunçuları yoxlayır. Hansı şəraitdə olmasından asılı olmayaraq, millinin heyətinə zəif oyunçu gəlmir. Heyətdə ən yaxşılar var, amma əvəzolunmaz futbolçu yoxdur. Hər kəs meydançada normal oyun göstərdi. Tir epizodunda isə top aşağıdan gəlsə, bəlkə çıxarardım və ya qol olardı. Amma yuxarı getdi deyə tirə dəydi. Göz qabağında olan isə bizim minimal hesablı məğlubiyyətimiz oldu.
- Bir həftəlik təlim-məşq toplanışından sonra bu nəticə ədalətli oldu?
- Uğurlu nəticə qazanmaq üçün bu cür toplanışlar çox olmalıdır. Üstəlik daha güclü komandalarla oynamaq lazımdır. Çünki seçmə mərhələ və yoldaşlıq oyunları tam fərqlidir. Məsələn, Qazaxıstandan daha güclü komandalarla oynayıb öz gücümüzü göstərməliyik. Gedib Hindistanı udub özümüzü aldatmamalıyıq. Nə vaxta qədər Azərbaycanda nəticə qazanacağıq? Artıq ölkədən kənarda da qələbə əldə etmək lazımdır.
- Baş məşqçinin kapitan sarğısını sənə yox, Bədavi Hüseynova verməsini necə qarşıladın?
- Bu barədə danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, əvvəllər bir neçə oyunda kapitan sarğısı ilə meydana çıxmışam. Səhv etmirəmsə, sonuncu dəfə bu, DÇ-2014 öncəsi ABŞ-la yoldaşlıq görüşündə baş verib.
Mərdan Həsənov / Antalya