“Azərbaycanla oyunöncəsi məşqimiz normal qaydada keçdi. Əsas odur ki, sabah məşqçilərimizin tələb etdiyi kimi oynayaq”. Newsport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında bu sözləri Qazaxıstan millisinin kapitanı Samat Smakov deyib. Təcrübəli oyunçu sabahkı görüşdə Azərbaycan və Qazaxıstan futbollarının hansı səviyyədə inkişaf etdiyinin görünəcəyini qeyd edib:
“Azərbaycana qarşı çox oynamışam. Həm milli, həm də klub səviyyəsində. Bilirəm ki, son illər Azərbaycan futbolunda inkişaf var. Sabahkı oyun Azərbaycanda futbolun necə inkişaf etdiyini göstərəcək.Eyni sözləri Qazaxıstan haqda da deyə bilərəm”.
Smakov millimizin sabiq üzvlərini xatırlayıb: “Azərbaycan millisində Vaqif Cavadov və Zaur Ramazanovu xatırlayıram. Amma hazırda onlar millidə deyillər. Hazırkı heyətdən Rəşad Sadıqovun adını qeyd edə bilərəm. Ona qarşı həm klub, həm də milli səviyyəsində çıxış etmişəm”.
Qazaxıstan yığmasının kapitanı sabah Azərbaycana qarşı keçiriləcək yoxlama oyunu ilə bağlı proqnoz verməyib: “Nəsə demək çətindi. Hazırda hər 2 ölkədə çempionat davam edir. Ona görə əsas olan zədəsiz ötüşməkdi”.