"O, zədələnəndə hamı düşünürdü ki,..." - Şəhriyar Rəhimov

"Neftçi" ilə görüşdə "Kəpəz"in qələbə qoluna imza atan Şəhriyar Rəhimov Newsport.az-a müsahibə verib:

- Matçla bağlı düşüncələrini bilmək istəyərdim...

- Məncə, ədalətli hesab elə qələbə qazanmağımız idi. İlk 5 dəqiqə yaxşı oynamadıq. Ancaq sonradan yaxşı oynadıq və birinci hissədə üstünlük bütövlüklə bizim tərəfimizdə idi. Vurduğumuz iki qoldan sonra müdafiəyə daha çox fikir verdik. Sonradan "Neftçi" qol şansları əldə etdi. Şükürlər olsun ki, 2:2-dən sonra da qələbə qolunu vura bildik.

- "Neftçi" hesabı bərabərləşdirəndən sonra düşünmədin ki, rəqib üçüncü qolu da vurar?

- Psixoloji üstünlük "Neftçi"nin tərəfində idi. Çünki "Neftçi" məğlubiyyətdən qaçmağı bacarmışdı. Amma biz qələbəyə inandıq və qazandıq. 

- Komandanın üçüncü, yəni qələbə qolunu sən vurdun. Halbuki "Neftçi" oyunçuları ofsayd olduğunu iddia edirdi...

- Orda oyundankənar vəziyyət yox idi. Kimin qol vurmağı vacib deyildi. Əsas qələbə idi ki, onu da qazandıq. 

- "Kəpəz" "Neftçi"yə qalib gəlməklə, avrokuboklar iddiasını göstərmiş oldu?

- Qələbə ilə yaxşı komanda olduğumu sübuta yetirdik. Avrokuboklara getməyi istəyirik. Hansı komanda Avropaya getməyi istəməz ki? Əlimizdən gələni edəcəyik. Son tura kimi çalışacağıq ki, Avroliqa həyəcanını saxlayaq özümüz üçün. 

- Komandanın büdcəsi yüksək olmasa da, bugünki gündə avrokuboklar üçün oynayırsız...
- Büdcəmiz başqa klublarla müqayisədə ola bilər aşağıdı. Ancaq elə klublar da var ki, onlardan artıqdı. Kollektivdəki mehribançılıq hazırdakı mövqeyimizə də yaxşı mənada təsir edib. Maaşlarımızda ciddi gecikmələr də olmur. Bu ay cəmi beş gün gecikmə oldu, vəssalam. İndiyə qədər bir gün də gecikmə olmur. Demirəm ki, ölkənin ən yaxşı komandalarından biriyik. Amma baxımlı futbol oynayırıq və ən azından dördüncü pilləyə layiq komandayıq. 

- Qarşıdakı turda rəqibiniz "Zirə"di. Bu görüş haqda hansı fikirdəsən?
- Bu oyunda itkilərimiz var. Ebah da olmayacaq. Dario da bizim üçün önəmli futbolçudu. O, zədələnəndə hamı düşünürdü ki, futbolumuzu oynaya bilməyəcəyik. Amma şükür Allaha ki, uğurlarımız davam edir. Çalışacağıq ki, "Zirə" ilə görüşdə də nəticə qazanaq.

- Gəncəyə oynamağa gələn komandalar, ot örtüyündən şikayət edir. Çoxları bunun sizin üçün üstünlük olduğunu da düşünür...

- Biz Bakıda məşq edib, Gəncəyə yollanırıq. Rəqib necə ki, oyundan bir gün əvvəl gəlib məşq edir, biz də eyni cür. Bütün həftəni Gəncədə məşq edib hazırlaşsaq, üstünlüyümüz olar. Ancaq rəqiblərlə eyni şəraitdə oynayırıq. Gəncədəki yeganə üstünlüyümüz, azarkeşlərimizdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right