Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Neftçi"yə qalib gələn (3:2) "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, Diniyev oyun barədə belə danışıb:
- Maraqlı oyun alındı. Bolqollu oyun oldu. İki hücumameyilli komanda oynayırdı. Bizim üçün qızıl 3 xal oldu. Avrokuboklara qatılmaq üçün bu oyundan mütləq 3 xalla ayrılmalıydıq. Heyətdə itkilərə baxmayaraq, komanda sonadək döyüşdü. İkinci hissədə qələbə qolunu vurmağımıza baxmayaraq, bu hissədəki oyunumuzdan narazı qaldım. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsi oldu. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsidir. Mənə elə gəlir ki, bu gün Gəncədə hər kəsin qapısına papaq atdıq və payımızı aldıq. "Neftçi"yə uğurlar arzu edirəm və inanıram ki, gələcəkdə xal qazanıb qara zolaqdan çıxacaq. Demirəm ki, səhvsiz oynadıq. Amma qələbə qazana bildik.
- Rəqib baş məşqçi hakimlikdən şikayətlənsə, buna münasibətiniz necə olacaq?
- Rəqib baş məşqçinin fikirlərinə münasibət bildirməyim düzgün olmazdı. Fikrimcə, bugünkü qələbədə hakimin rolu olmadı.
- Son oyunlarda "Kəpəz" hesabda üstün olsa da, bu üstünlüyünü qoriya bilmir..
- Əvvəl də demişdim. Biz nə böyük, nə də ki kiçik komandayıq. Futbolçular hələ də öz güclərinə inanmırlar. Bu, psixoloji məsələdi.
- Penalti epizoduna münasibət bildirərdiz...
- Məncə, təmiz penalti idi.
- Komanda avrokuboklara vəsiqə qazansa, heyətdə dəyişiklik olacaq?
- Avrokuboklarda çıxış etmək üçün hər mövqeyə bir oyunçu cəlb edilməlidi. Avrokuboklara vəsiqə qazansaq, bu məsələni rəhbərliyin qarşısında qaldıracam. Etiraf edirəm ki, heyətimiz kasaddı.
- Hər iki penalti olan zaman arxanızı çevirdiniz...
- Mən həmişə belə edirəm. Orda bir polis var idi. Üzündən nur yağırdı. O mənə məsləhət verdi ki, penalti olan zamanı mənə bax, hər şey yaxşı olacaq. Birində alındı, birində isə yox.
- Darionun vəziyyəti necədi?
- O, hazırda Braziliyada reabilitasiya keçir.