Amil Yunanov: “Prosineçkidən dəvət gözləmirəm” MÜSAHİBƏ

“Sumqayıt”ın hücumçusu Amil Yunanov "Qarabağ"la oyundan (0:2) sonra Newsport.az saytına müsahibə verib.

 

Amil, qış fasiləsinə qədər işlərin yaxşı gedirdi, 4 görüşə 6 qol vurdun. Amma sonradan enişdəsən, oyunun alınmır.
- Bunun nə ilə bağlı olduğunu heç özüm də bilmirəm. İnşallah, yaxşı olar. Vallah, söz tapa bilmirəm son zamanlarkı çıxışımı izah etməyə.

 

Bəlkə “ulduz xəstəliyi”nə tutulmusan?
- Bunu çox adam deyir. Hansı saytı açıram, görürəm ki, mənim “ulduz xəstəliyi”nə tutulmağımdan yazırlar. Boş şeydi vallah, 5-6 dənə qol vurmşam da, nə etmişəm ki? Buna görə  məndə arxayınlıq yarana bilməz. Bəlkə komadamın hücum futboluna çox da üstünlük verməməsi oyunuma təsir edir. Bəlkə də başqa səbəbdən alınmır, deyə bilmərəm. Bu barədə konkret bir söz demək çətindi. Qış fasiləsindən sonra da meydana çıxdığım oyunlarda bir neçə dəfə qol vurmaq imkanlarım oldu, istifadə edə bilmədim. “Ulduz xəstəliyi” fikri ilə razılaşmıram, hər dəfə buna rast gələndə özüm də xoşlanmıram. Hər şey qaydasındadı, sadəcə, axır vaxtlar qol vura bilmirəm. Ümid edirəm ki, bu uğursuzluğu tezliklə qıracam.

 

“Qarabağ”la oyunda da meydana sonradan çıxdın. Adətən, baş məşqçin sənə oyunun gedişində şans verir. Ümumiyyətlə, özünü 90 dəqiqə oynamağa hazır hesab edirsən?
- Bəli, özümü hazır sayıram. Yadınızdadısa, qış fasiləsindən qayıdandan sonra hardasa ardıcıl 3-4 oyun meydana start heyətində çıxdım. İlk dəfə bir az çətinlik oldu, sonra gördüm ki, 90 dəqiqə oynaya bilərəm.

 

Yanvarda Serbiyadan təklif almışdın, getməməyinə peşman deyilsən?
- Yox, bəlkə getsəydim, daha pis olardı mənim üçün. Kim bilir, bəlkə orda heç oynamaq şansı qazanmazdım. Artıq özümü toparlamalıyam, çempionat yavaş-yavaş başa çatır. Məşqlərdə daha çox çalışmalıyam, yəqin.

 

Komandanızın prezidenti Kamran Quliyev saytımıza açıqlamasında dedi ki, futbolçular yanvara qədər göstərdikləri oyunu indi sərgiləyə bilmirlər. Səncə, bunun səbəbi nədədi?
- Əlbəttə, razıyam klub prezidenti ilə. Bundan özümə də pay götürürəm. Klub rəhbərliyi bizdən yaxşı oyun gözləyir. Onlar da istəməz ki, uğursuz çıxış edək. Özünüz də görürdüz ki, qış fasiləsinə qədər komanda son 6-7 oyunda, demək olar ki, çox yaxşı çıxış etmişdi. Amma üçüncü dövrə başlayandan oyunumuz nəsə alınmır. İki matçı çıxmaq şərtilə, qalanlarını zəif oynamışıq. Hamımız əlimizdən gələni edirik, sadəcə, alındıra bilmirik.

 

4 oyuna 6 qol vurdun, milliyə namizəd göstərilirdin və bu ay toplanış olacaq. Ancaq yanvardan bu yana kölgəyə çəkilmisən.
- Bilirəm, çox istəyərdim ki, milli komandaya dəvət alım. Ancaq indi baş məşqçidən şans gözləmirəm. Çünki son vaxtlar özümü göstərə bilmirəm. Ona görə inanmıram və Robert Prosineçkinin dəvət edəcəyini də, açığı, gözləmirəm.

 

Mövsüm artıq sona yaxınlaşır, nə fikirləşirsən, qalacaqsan “Sumqayıt”da?
- Belə vəziyyətdə, yəqin ki, komanda məni saxlayacaq. Özümü düzəltməliyəm, daha yaxşı çıxış etməliyəm.

 

Deyilənə görə, Serbiyadan sənə dəvət gələndə klub rəhbərliyi yolunu bağlayıb.
- Yox. Sözün düzü, özüm də tam həvəsli deyildim getməyə. Çünki burda çox oyun oynamamışdım. Serbiya çempionatının bəzi oyunlarına baxdım, bildim ki, getsəm, çətinlik çəkəcəm. Ona görə fikirləşdim ki, burda qalıb özümü daha yaxşı inkişaf etdirim, xaricdən yenə yaxşı təklif gələr, gedərəm. Olmaz, qalıb burda öz üzərimdə daha çox işləyərəm.

 

Amil, ümumiyyətlə, bizim gənc futbolçularımız xaricdən gələn təkliflərə ciddi yanaşmırlar. Fikirləşirlər ki, qalıb elə burda oynasınlar. Bunu necə izah edə bilərsən?
- Maliyyə məsələsi ilə əlaqələndirməzdim. Əlbəttə, istəyərm ki, gedib xaricdə oynayım, yaxşı karyeram olsun. Şəxsən mən getməmək qərarımı Premyer liqada az oynadığıma görə verdim.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right