Amil Yunanov "Qarabağ"a qarşı meydana çıxmaqdan niyə imtina edib?

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun ilk ¼ final qarşılaşmasından sonra baş hakim orxan Məmmədovu təhqir etdiyinə görə 5 oyunluq cəzalandırıldı. Dünən baş tutan cavab qarşılaşması kənardan izləmək məcburiyyətində qalan mütəxəssis fhəm kubok oyunu, həm də komandasının mövcud durumuyla bağlı sualları cavablandırdı:

 

- Oyunu “hasarın o tayı”ndan izləsəniz də, “Qarabağ”la matç barədə fikirləriniz maraqlıdı...
- İlk oyunda 0:2 məğlub olsaq da, futbolçular oyuna əla köklənmişdilər. Meydançaya çıxan hər bir oyunçu bu məğlubiyyətin əvəzini çıxacağını düşünürdü. Təəssüf ki, bütün ümidlərimiz oyunun əvvəlindəcə puç oldu. Nə qədər optimist olursan ol, ilk 10 dəqiqədə qapında 2 qol gördükdən sonra qalan 80 dəqiqə ərzində “Qarabağ” kimi komandanın qapısından 5 cavabsız top keçirəcəyinə inam qalmır. Buna baxmayaraq, komandamız 0:4-dən sonra da mübarizə apardı. Ancaq etiraf etmək lazımdı ki, rəqib yarımfinala çıxmağa layiq idi və bu münasibətlə də onları təbrik edirəm.Yarımfinala yüksələn hər bir komandaya uğurlar arzulayıram. Qoy kuboka ən güclü komanda sahib çıxsın.

 

- Matçdan sonra keçirilən mətbuat konfransında köməkçiniz Amil Yunanovun heyətdə yer almamasına münasibət bildirərkən, dedi ki, futbolçunu çempionat oyununa qoruyurduq. Belə çıxır ki, kubokdan əlinizi əvvəlcədən üzmüşdünüz?
- Xeyr, yuxarıda da qeyd etdim ki, kuboka çox ciddi motivasiyamız var idi. Sadəcə, debütdə buraxdığımız qollar bütün planlarımızı alt-üst etdi. O ki qaldı Amil Yunanova, ardıcıl oyunlara çıxan forvardla bağlı həkimlərlə də məsləhətləşmələr apardıq. Onlar da bildirdi ki, yorğunluq var və istirahətə ehtiyac duyulur. Futbolçu özü də bu barədə bizə müraciət etmişdi. Bu səbəbdən də ona start heyətində yer vermədik.

 

- Bəs hesab bu cür olmasaydı? Deyək ki, fasiləyə 1:0 üstün yollansaydınız necə?
- Nəinki Yunanovu, əlimizdə olan bütün “kozırlar”ı döyüşə atacaqdıq. Bu qarşılaşmaya böyük önəm verirdik. Ancaq alınmadı.

- Komandanıza nə olub? Axı, qış fasiləsinədək daha məzmunlu, daha maraqlı futbol sərgiləyirdiniz...
- Bu barədə çox düşünmüşük. Özümüz də görürük ki, əvvəlki kimi parlaq çıxış edə bilmirik. Düşünürəm ki, bunun səbəbi rəqiblərin bizə qarşı oyunlara fərqli sxemlə çıxmalarıdı. İndi onlar daha kompakt şəkildə oynayırlar. Əvvəllər hamı Sumqayıta 3 xal qazanmaq dalınca gəlirdisə, indi bizimlə hesablaşırlar. Komandamızla oyunlarda böyük qüvvəylə irəli atılan rəqibləri kəsərli əks-hücumlarla cəzalandıra bilirdik. İndi  isə hücuma keçərkən 4 müdafiəçini arxada saxlayırlar. Bu da işimizə əngəl törədir. İndi üzərimizdə çalışmalı, bu tip qarşılaşmalara qarşı əks-məlhəm tapmalıyıq. Əlbəttə, bu, bir günün işi deyil. Rəhbərlik gələcək üçün döyüşkən kollektiv qurmağı tapşırıb. Cari mövsümə ola bilər çatdırmayaq, amma yayda bunun da öhdəsindən gələcəyik.

 

- Kompakt müdafiə olunan komandalara qarşı oyunlarda liderlik xüsusiyyətini ortaya qoya bilən futbolçulara zərurət duyulur. 
- Tamamilə doğrudu. Biz də yayda məhz belə futbolçularla güclənməyi planlaşdırırıq.

 

- Amma qış fasiləsində transfer olunan Vaqif Cavadov böyük ehtimalla məhz liderlik xüsusiyyətlərini ortaya qoymalı idi. Ancaq indiyədək buna bənzər bir şeyə rast gəlməmişik.
- Əlbəttə, Vaqifi böyük ümidlərlə transfer etmişdik. Ancaq gəlin onun üstünə çox getməyək. Ola bilər müəyyən eniş zolağı yaşayır. Digər oyunçularımız da liderlik bacarığını ortaya qoya bilmirlər. İşlər bu cür davam etsə, yayda köklü islahatlara əl atmalı olacağıq (futbolinfo.az).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right