“Zirə” ilə oyunlar çox ağır və gərgin keçir. Onlar çox mübariz komandadı”
Bunu Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib. O, Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə” ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb.
Kapitanın sözlərinə görə, 5:1 hesabı ilə qələbə qazanmalarında erkən qol vurmaları öz sözünü deyib: “Ola bilər, ilk qolları tez vurduğumuz üçün rəqib bir az həvəsdən düşdü. Bəlkə də oyunun əvvəlində fərqlənməsəydik, çox çətin olacaqdı. Amma qolları vurub, layiqli qələbə qazandıq”.
Sadiqov fasilədə əvəzlənməyinə də münasibət bildirib. O bunu baş məşqçidən özü xahiş etdiyini deyib: “4 gündən sonra yenə oyunumuz var. Bundan öncə də 2-3 gündən bir ağır görüşlər keçirmişdik. Məşqçidən əvəzlənməyimi özüm istədim ki, növbəti qarşılaşmaya da bir az güc saxlayaq, meydana gümrah çıxaq”.
O, avrokuboklara Premyer Liqa ilə müqayisədə ölkə kubokundan getməyin daha asan olduğunu vurğulayıb: “Avrokuboklara bütün komandalar üçün ən asan yol ölkə kubokundan gedir. Çünki buradan hədəfə daha tez çatırsan. Amma yenə də çalışmaq lazımdı ki, hər 2 cəbhədə oynayaq. Açığı, Premyer Liqada da çempionluqdan əlimizi üzmək istəmirik. Çalışacağıq ki, bu yolda daha yaxşı mübarizə aparaq”.
Martın 13-də Premyer Liqanın XXV turu çərçivəsində “Zirə” ilə bir daha oynayacaq “Qəbələ” yenə də qələbə qazanmaq iddiasındadı. Sadiqov bildirib ki, həmin matça köklənmək elə də çətin olmayacaq: “Peşəkar komandayıq, buna görə də arxayınlaşmamalıyıq. Bu gün necə oynamışıqsa, çempionat oyununda da elə həvəslə meydana çıxmalıyıq. Həmin görüşdə də qələbə qazanmaq istəyirik. Bəli, 4 gün sonra meydanda tam başqa “Zirə” olacaq. Amma buna baxmayaraq, “Qəbələ” öz oyununu oynamalı və qələbə qazanmağa çalışmalıdı”.