“Qalib gəlsək də, qapımız qarşısında xeyli qol epizodunun şahidi olduq. Doğrudur, ilk baxışdan rahat qələbə qazandığımızı düşünmək olar. Amma bu qədər səhvə yol verdiyimiz oyunu xatırlamıram”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”a 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
- Ola bilər, oyunçular sıx qrafiklə oynadıqları üçün bir qədər psixoloji yorğunluq var idi. Fasilədə futbolulara bəzi iradlarımı bildirdim. Hesab 4:0 olduqdan sonra da oyuna nəzarəti itirdik. Lakin tədricən təşəbbüsü ələ ala bildik.
- Elvin Yunuszadəni meydana buraxdınız və məhz onun səhvindən sonra qapınızda qol gördünüz...
- Tək Elvin deyil, digər futbolçuların da səhvləri oldu. Sadəcə, Yunuszadənin bəxti gətirmədi ki, məhz onun səhvi qolla nəticələndi.
- Hesab 4:0 olarkən, Riçard Almeydaya şans verdiniz. Olmazdımı ki, daha az şans qazanan oyunçunu meydançaya buraxaydınız?
- Bu, əvvəlcədən planlaşdırılmış əvəzetmə idi. Planlaşdırılmayan yalnız Rəşad Sadıqovun əvəzetməsi idi. O, bir qədər əzələsində ağrılar hiss etdiyi üçün fasilədə əvəzetmə qərarı verdik.
Mərdan Həsənov