"Qəbələ" futbol klubu silsilə tədbirlər çərçivəsində orta məktəblərin qonağı olur.
Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, daha öncə məktəblilərin iştirakı ilə həyata keçirilən aksiya ilə klub növbəti yeniliyə imza atır.
Klubun sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri şagirdlərə təqdim edilir. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən bu sosial aksiyanın məqsədi şagirdlərin idmana - futbola olan marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirmək, onların "Qəbələ" ailəsinin bir üzvü olduğunu, klub üçün, gələcək üçün önəm daşıdıqlarını göstərməkdədir.
Artıq bütün kənd məktəblərində ləvazimatlar paylanılıb. Aksiyanın davamı olaraq klubumun nümayəndələri mayın sonunadək Qəbələdəki bütün orta məktələri ziyarət edəcək. Bundan əlavə şagirdlərin oyunları izləməsi üçün hər cür şərait yaradılacaq.
Bu gün "Qəbələ"nin futbol direktoru Toni Adams, klubun baş meneceri Zaur Əzizov, Marketinq və Media şöbəsinin rəhbəri Səməd Nəsibovun iştirakı ilə rayonun 1 saylı orta məktəbində şagirdlərlə görüş keçirilib. Görüş zamanı onlara məktəbli ləvazimatları paylanılıb. Bundan başqa Zaur Əzizov çıxış edərək məktəbliləri klubun ev oyunlaırna dəvət edib.