Azərbaycan Premyer Liqasının XXIV turunda baş tutan "Qarabağ” – "Zirə” (2-0) oyunundan sonra "Zirə”nin kapitanı Rəşad Abdullayev Newsport.az-ın suallarını cavablandırıb:
- Qarşılaşma haqqında fikirləriniz necədir?
- Çətin oyun oldu. Səfərə turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdırmaq üçün gəlmişdik. İlk dəqiqələrdən etibarən qol buraxdıq. Daha sonra rəqibi əks-hücumlarda yaxalaq istədik. Çox təəssüf ki, son dəqiqələrdə qapımızda daha bir qol gördük.
- Buraxılan ilk qoldan sonra komandanın hücum futbolu oynayacağı gözlənilsə də, yenidən müdafiə futbolu oynadınız. İrəliyə çıxmaqda nəsə problem var idi?
- "Qarabağ” oturuşmuş komandadı, biz isə yeniyik. Əlimizdən gələnlərin ən yaxşısını etməyə çalışırdıq. Oyunumuzu əks-hücumlarda qurmuşduq. İlk hissəyə niosbətən ikinci hissədə daha yaxşı oyun sərgilədik. İlk 45 dəqiqədə futbolçularımız daha həyəcanlı idi.
- "Qarabağ” yeganə klubdu ki, onlarla oyununuz alınmır...
- Təkcə bizim yox, çox komandanın "Qarabağ”a qarşı oyunu alınmır. Onlara qarşı mübarizə aparmaq çətindi. Digər rəqiblərlə başabaş mübarizə aparırıq.
- Bir neçə gün sonra ölkə kubokunun ¼ finalının cavab oyununda "Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən? Həmçinin "Neftçi”yə qalib gələrək sizinlə xal fərqini azaltdılar...
- Bu qarşılaşma bizim üçün sınaqdı. Oyundan əvvəl "Qəbələ”nin qalib gəldiyini bilirdik. Bu oyun heç-heçə bitsəydi daha yaxşı olardı.
- "Qəbələ”nin qələbə qazanması sizin oyununuza təsir etdimi?
- Xeyr. Biz yalnız öz oyunumuza baxırıq.
- Çempionluğa ümidiniz varmı?
- Çempionluq barədə danışmaq tezdir. İrəli gedib, liderlər qrupunda qərarlaşmaq istəyirik.
- Avrokuboklara buraxılmayacağınız gündəmdədi. Bu səbəb oyunçulara təsir edirmi?
- Biz hələ o yerə çıxmalıyıq. Ondan sonra UEFA nə qərar qəbul etsə, onunla hərəkət edəcəyik.
H.Mərdan