Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Bayıl Arena”da baş tutan "Rəvan” – "İnter” (2-1) qarşılaşmasını izləyənlər arasında "İnter”in prezidenti Rəşad Qasımov da var idi.
Newsport.az-ın məlumaın görə, klub prezidenti matç başa çatdıqdan sonra jurnalistlərə müsahibə verib.
- Komanda gözlənilmədən "Rəvan”a məğlub oldu. Oyun haqqında fikirləriniz necədir?
- Biz əsas diqqətimizi çempionat oyunlarına yönəltmişik. Bir neçə gün sonra cavab qarşılaşması da var. Futbolçularımız həmin qarşılaşmada növbəti mərhələyə yüksəlmək üçün əllərindən gələni etməlidirlər.
- "İnter” "Rəvan”a qarşı yaxşı oyun sərgiləmədi...
- Son turda "Qarabağ”la çətin oyunumuz olmuşdu. Növbəti turda da "Sumqayıt”la gərgin oyunumuz var. Fikrimcə, səbəb budur.
- UEFA ilə danışıqlarınız nə yerdədir? Hər-hansı irəliləyiş varmı?
- Biz UEFA-dan futbolçulara olan borcu hissə-hissə ödəməyi istəmişik. Hələ ki, futbol qurumundan heç bir cavab almamışıq.
- Bu amil futbolçuların oyunlarına təsir edə bilər?
- Xeyr. Qətiyyən. Əvvəlcə Avrokuboklara vəsiqəni təmin etməliyik. Daha sonra hər-hansı qadağa barədə düşünmək olar.
- Komandanızın qarşısına hansı məqsədi qoymusunuz?
- İlk "üçlük”.
- Bəs kubokda?
- Dediyim kimi, əsas çempionatdır. Amma kubok da qazansaq, bu, bizim üçün yaxşı haldır.