"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İnter"lə görüşdən sonra Newsport.az-a müsahibə verib:
- Matçla bağlı hansı fikirdəsən?
- Gərgin oyun keçdi. Belə olacağını da gözləyirdik. Çünki “İnter”lə səfər matçları hər zaman çətin alınır. “İnter”in son turda nümayiş etdirdiyi futbolu görmüşdük. Bilirdik ki, yaxşı formadadılar. İkinci dövrəyə pis başlasalar da, son turda göstərdilər ki, özlərinə gəliblər. Heyətlərində də təcrübəli oyunçular var. Oyunda bunu göstərdi. İstədiyimiz kəsərli hücumları qura bilmirdik. Düzdü, oyuna nəzarət edən tərəf biz idik. Amma istədiyimiz qol imkanlarını yarada bilmirdik. Rəqib də əks-hücumda bizi tutdu və qolunu vurdu. İkinci hissədə hamılıqla irəli atıldıq ki, məğlubiyyətdən qaçaq. Çox şükürlər olsun ki, məğlub olmadıq. “İnter” kimi rəqibdən səfərdən bir xal götürmək pis nəticə deyil.
- Oyun son 10 dəqiqədə canlandı...
- Ümumiyyətlə, “İnter”ə qarşı oynamaq hər zaman çətindi. Çünki xüsusi sistemlə oynayırlar. Qapalı müdafiə olunurlar, lap istədiyin hücumları qura bilmirsən. Rəqib də sənin üstünə gəlməyəndən sonra heç cürə istədiyin hücumu qura bilmirsən. Özü də bu cür təcrübəli komandaya qarşı oynamaq çətin olur. Baxımlı oyun nümayiş etdirmək çətin olur. Düşünürəm ki, səfərdə oyunu olmasına rəğmən pis oyun alınmadı.
- 65 dəqiqə çərçivəyə doğru zərbə getmədi. Bunu “İnter”in müdafiəsilə əlaqələndirmək olar, yoxsa necə?
- Hər ikisi ilə əlaqələndirərdim. Biz də hücumda istədiyimiz kimi kəsərli olmurduq. “İnter” də çox yaxşı müdafiə olunurdu. Ümumiyyətlə, hər zaman “İnter”ə qarşı oyunlarımız ağır alınıb. Bu da ağır oyunlardan biri idi. Yaxşı müdafiə olundular, yaxşı qapandılar. Bizə də bu müdafiəni yarmaq çox çətin idi.
- Bir anlıq fikirləşdin ki, üç xal əldən gedir və “Zirə” ilə xal fərqi üçə enir?
- Var idi, elə bir fikir var idi sözün düzü. Qol buraxandan sonra çox əsəbləşdim. Çünki bilirdim ki, “İnter” kimi komandaya qol vurmaq çox çətin olacaqdı. “İnter”in müdafiəsini yarmaq çox çətindi. İkinci yarıda da işlər elə gedirdi ki, sanki qol vura bilməyəcəyik. Bir anlıq elə düşündüm ki, “Zirə” ilə xal fərqimiz üç olacaq, “Qəbələ” ilə yeddi. Axır 10-15 dəqiqədə bunu fikirləşirdim.
- Son dəqiqələrdə özün hücuma atıldın və sanki qol vuracağını gözləyirdin...
- Baş məşqçi dedi ki, irəli get itirləsi heç nəyimiz yoxdu. Son 6-7 dəqiqə idi və irəli atıldım. Şükür Allaha bu da uğurlu alındı. Xüsusi bir şey yox idi.Ansi Aqollinin gözəl ötürməsindən sonra mənə qol vurmaqdan başqa heç nə qalmırdı. Bu, mənim başla vurduğum ilk qol idi.
- "Zirə” ilə qarşılaşacaqsız qarşıdakı tur. Bu oyunu final kimi hesab etmək olar?
- Final hesab etməzdim. Çünki irəli çox oyunlar var.Aramızda dörd xal oldu. Çalışacağıq ki, “Zirə”yə qalib gələk və xal fərqini artıraq. Ən əsası bu tip oyunlarda məğlub olmamaqdı. Xal fərqini qorumaq üçün yəni.
- Həftiçi kubok görüşünüz var, bu qrafikə təsir edəcək?
- Təbii ki, təsir edəcək. “Sumqayıt” kimi komanda ilə oynayacağıq. Onlar daçempionata pis başladı, amma görünür ki, onlar da son oyunlarda yaxşı formadadı. Öz oyunlarını tapıblar. Bizi kubok və çempionat oyunlarında ağır oyunlar gözləyir.
Mərdan Həsənov