Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən "İnter" - "Qarabağ" matçı 1:1 hesabı ilə yekunlaşdı.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:
"Çox strestli oyun oldu. Rəqib düşündüyümüz kimi mübarizə apardı. İkinci hissədə oyunda sürət artdı. Bir xal qazandıq. Xalımızın üstünə bir xal da gəldi. Hər zaman olduğu kimi, "İnter" çətin rəqibdi. Azarkeşlərimizə də bizə dəstək verdikləri üçün təşəkkür edirəm".
- Futbolçuların "Zirə" - "Neftçi" matçının nəticəsindən xəbəri var idimi? Var idisə, bu, komandanın oyununa təsir etdimi?
- Biz nə qədər qadağa qoysaq da, bu, alınmır. Təbii ki, xəbərləri var idi. Düşünürəm ki, bunun bir o qədər də təsiri olmadı.
- Muaremin oyunundan razı qaldız?
- 90 dəqiqə komanda belə oynaya bilməz. Birə-bir mübarizə aparmaq çətindi. Daha çox rəqib bizim topla davranmağımıza imkan verdi. Muarem 4-5 ay futbol oynamadığı üçün optimal formasından uzaqdı. Buna görə də, ona şans vermək lazımdı.
- Rəşadın qolunu necə şərh edərdiz?
- Rəşadı son vaxtlar az halda irəli göndəririk. Ancaq bu oyunda itirəcək heç nə yox idi. Arxada iki müdafiəçi saxlayıb onu qabağa göndərdik. Bu da öz bəhrəsini verdi. Gələcəkdə təki belə hal olmasın. Ancaq hesabda geridə olanda belə addımlar atmağa məcbur oluruq.
- İcariyyə Komitəsinə namizədliyiniz irəli sürülüb. Seçiləcəyiniz halda, hansı təkliflərlə çıxış etmək fikrindəsiz?
- Açığı, belə düşüncələrim yoxdu. Rəsmiləşəndən sonra nəsə demək olar. Orda bir nəfərin yox, hamının fikri önəmlidi.