Son günlər Azərbaycan futbolu ətrafında qalmaqallar səngimək bilmir. AFFA rəhbərliyində gedən "soyuq müharibə" klub rəhbərlərinə də təsirsiz ötüşməyib. Amma onlardan fərqli olaraq klub rəhbərləri öz əməkdaşlarına belə desək, müharibə elan ediblər. "İnter"in yeni prezidenti, hazırda həbsdə olan Beynəlxaq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin yaxın adamı Rəşad Qasımov barədə ilginc informasiyalar yayılıb.
Newsport.az-ın məlumatına görə, Qasımov uzun müddət Hacıyevin sağ əli kimi tanınıb, Beynəlxalq Bankın Mühasibatlıq və büdcə departamentinin direktoru olub. Hətta dövlətə maliyyə xəyanətində dəfələrlə adı hallanıb. Maraqlısı odu ki, bankın verdiyi milyonlarla kreditin, ölkədən çıxarıldığı deyilən milyardların altında məhz R.Qasımovun imzası olub və onun adı ümumilikdə 17 maliyyə fırıldağında hallanıb. Ancaq qəribədi ki, R.Qasımov adının bu qədər məsələlərdə hallanmasına rəğmən azadlıqdadı. Səbəblər barədə az sonra...
Son günlər isə prezidenti olduğu "İnter" komandasının daxilində onunla bağlı müxtəlif söz-söhbətlər dolaşır və Qasımovla bağlı ciddi narazılıqlar baş qaldırmaqdadı. Bildirilir ki, klubun satın aldığı "İnter Arena"nın hər qarışı icarəyə verilib, köhnə işçilərin məvacibləri aşağı salınıb, bəzilərinə məcburən işdən çıxmaq barədə ərizə yazdırılıb. Məsələnin maraqlı tərəflərindən biri budu ki, R.Qasımov elədiyi işlərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun adından istifadə edir və bütün bunları onun tapşırığıyla həyata keçirdiyini söyləyir.
Məlumata görə, klubun bir çox əməkdaşları Beynəlxalq Bankın rəhbərliyinə, bir nəticə əldə olunmadığı təqdirdə son çıxış yolu kimi ölkə başçısına müraciət ünvanayacaqlar. Əməkdaşlar hesab edirlər ki, R.Qasımovun əməlləri dövlətə xəyanətdən başqa bir şey deyil:
"Əvvəllər "İnter"in hər bir üzvü, hətta uşaq komandalarının nümayəndələri bazanın hovuzundan və trenajor zalından istifadə edə bilirdilər. Bu da onların fiziki hazırlığına müsbət təsir edirdi. İndi hamıya deyilib ki, bütün xidmətlər pulludu və özəl insanlara icarəyə verilib. Bu, sadəcə biabırçılıqdı və pul qazanmağın daha səviyyəsiz növüdü. Kənar şəxslərin həmin xidmətlərdən pullu istifadəsini anlamaq olar. Amma komanda və baza işçilərinə qarşı belə bir haqsızlığın edilməsi yolverilməzdi. O, bu çirkin hərəkətləri ilə Elmar Məmmədovun illərlə yığdığı ictimai nüfuza da böyük zərbə vurur".
Qeyd olunur ki, Rəşad Qasımov kluba futboldan tamamilə uzaq, özünə çox yaxın adamları cəlb edir. Artıq klubun bazasında gün ərzində heç bir işlə məşğul olmayan insanlar ordusu peyda olub və bu şəxslər hər kəsə diqtə etməklə məşğuldu. Lakin bu şəxslərdən kimin hansı vəzifəni daşıdığı bəlli deyil. Həmin şəxslər klub əməkdaşlarına fiziki təzyiq göstərməkdən belə çəkinmirlər. İş o yerə çatıb ki, klubda mühafizəçilərin sayı az qala futbolçu sayından çoxdu.
Maraq üçün qeyd edək ki, hazırda klubda 16 nəfər mühafizəçi var. Onlardan onu ümumi komandanın, altısı isə rəhbərliyin şəxsi mühafizəsi üçündü. Klub rəhbərinin özünü kimdən və nədən qoruduğu da maraqlı məqamlardandı. Bu halda sual olunur. Əgər klubda maliyyə çətinliyi varsa, futbolçular əmək haqlarını vaxtında ala bilmirlərsə, 16 mühafizəçinin yüksək əməkhaqqı ilə işdə saxlanılmasına nə zərurət var?
Mənbə bildirir ki, Rəşad Qasımov təkcə dövlətə deyil, Cahangir Hacıyevə də xəyanət edirmiş. Belə ki, o, üçüncü qüvvəyə işləyib və məhz həmin qüvvə adı bu qədər maxinasiyalarda hallanan Qasımovu həbsdən xilas edərək, "İnter"in prezidenti təyin olunmasına nail olub. Çünki qeyd olunduğu kimi Qasımovun adı hazırda həbsdə olanların bəzilərindən daha çox maxinasiyalarda hallanırdı. Belə olan halda, klub prezidentinin "sudan necə quru çıxdığı" maraq doğurmaya bilməz.
Ancaq ortada başqa bir variant da var. Ola bilsin ki, bəzi gizli və səs küyə səbəb olacaq faktların üstünü ört-basdır etmək üçün hələ Rəşad Qasımovun kənarda qalması məsləhətdi. Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq (olke.az).