"Bilirdik ki, çox çətin qarşılaşma olacaq. "Neftçi" turnir cədvəlində aşağıpillələrdə qərarlaşmasına baxmayaraq, həmişə yaxşı komanda olub. Qələbə qazandığımıza görə çox şadıq. Oyun zamanı bəzi şeylər alınmadı. Əsas odu ki, 3 xalı qazanmağa nail olduq."
Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyevə məxsusdu. Azərbaycan milli komandasının üzvü Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi"ni məğlub etdikləri (2-0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Qarabağ"ın heyətində debüt edən futbolçu öz oyunu haqqında fikirlərini bildirib: "Zədə səbəbindən 1 ay idi yaşıl meydanlara çıxmaq şansı qazanmırdım. Tam formada deyiləm. Çalışacam ki, formamı bərpa edim və komandaya tam gücümlə kömək edə bilim. "
Ağdam klubunun futbolçusu "Qarabağ" - "Neftçi" dueli ilə əvvəlki komandası "Xəzər Lənkəran"ın "Neftçi" ilə qarşılaşmalarını da müqayisə edib: "Özünüz də gördünüz ki, Azərbaycan derbisinə maraq böyük idi. Bir neçə il öncə Azərbaycanda ən reytinqli oyun "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında baş tuturdu. Amma Lənkəran təmsilçisinin son durumu hal-hazırda həmin intriqanı yarada bilmir. Amma yenə də "Böyük Oyun" öz adını daşıyır. "