"İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil" - Yuri Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub evdə “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə darmadağın etdikləri Misli Premyer Liqasının II tur matçından sonra mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Demək olarmı ki, “Neftçi”nin uğurlu başlanğıcının səbəbi yay hazırlığına bir ay tez başlaması ilə əlaqədardır?

– Bu suala cavab vermək mənim üçün bir az çətindir. Düzdür, Konfrans Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına digər komandalara nəzərən daha tez başlamışdıq. Təsnifat mərhələsi artıq geridə qalıb, daha sonra da hazırlıq üçün vaxtımız olub. Bundan əvvəl də “Sumqayıt”a qarşı yaxşı oyun göstərdik. Belə hesabın səbəbi isə sadədir: Bu gün “Araz-Naxçıvan”ın yox, “Neftçi”nin günü idi. Rəqib heç də pis komanda deyil. “İmişli” ilə də matçda da bunu görmüşdünüz. Standart vəziyyətləri kənara qoysaq, “İmişli”yə qarşı çox yaxşı çıxış edirdilər. Qarşımızdakı zəif komanda deyildi və yaxşı oynayırdı. Sadəcə, bu gün belə alındı. Burada qorxulu heç bir şey yoxdur. Xüsusən də nəzərə alaq ki, “Araz-Naxçıvan” kifayət qədər yenilənib, ora yeni oyunçular gəlib.  Mən rəqibin baş məşqçisi Cavid Hüseynovu da, oyunçularını da yaxşı tanıyıram. Hətta matçdan əvvəl futbolçularımıza demişdim ki, ehtiyatlı oynayaq. Çünki rəqibdən güclü oyun gözləyirdik. İlk yarıda bizdə yaxşı nə alındı? Biz yüksək pressinq edə bildik. Onlar da yüksək təzyiqin altından çıxmağı bacarırlar. Lakin biz onlara bu imkanı yaratmadıq. Ona görə də belə nəticə alındı. “Araz-Naxçıvan”a növbəti oyunlarında uğurlar arzulayıram. “Neftçi” ilə oyundan başqa (gülür – red.).

– İkinci hissədə bir qol vurmağınız, özü də sonluqda, sizi narazı salmadı?

– İlk yarını 4:0 hesabı ilə öndə tamamladıqdan sonra ikinci hissəni də eyni tərzdə davam etdirməsi bir qədər çətin olur. Buna baxmayaraq, komandamız həqiqətən də ciddi oyun ortaya qoydu. Sadəcə, bəzi fürsətləri dəyərləndirə bilmədik, qol vurmaq alınmadı. Mən adətən heç kimi fərqləndirib-seçmirəm. Amma vitse-kapitanımız Emil Balayevi xüsusi vurğulamaq istəyirəm. O, üç qurtarış etdi. Özü də kifayət qədər təhlükəli epizodlar idi. Bir dəfə də təkbətəkdə vəziyyətdən çıxa bildi. Bu, artıq o deməkdir ki, biz bəzi şeylərin üzərində işləməliyik. Elə etməliyik ki, ikinci yarıdakı kimi qapıçımız belə çətinliklərlə üzləşməsin. Ən önəmlisi də odur ki, ikinci hissədə də meydançaya çıxanlar qələbənin əldə olunması üçün əllərindən gələni etdilər, bu qələbənin əldə olunması üçün səy göstərdilər.

– “Neftçi” indiyədək mövsümə belə uğurlu başlamayıb. Bu qələbələr komandanızın yoluna uğurla davam etməsinə psixoloji təkan ola bilərmi?

– İlk növbədə, bütün oyunçulara minnətdaram. Onlar özlərini yaxşı yöndə təkmilləşdiriblər. Baxmayaraq ki, Belarusun “Dinamo-Minsk” komandası ilə oyunlardan sonra kifayət qədər həyəcan keçirirdim. Onlar göstərdilər ki, adları böyük hərflərlə yazılan oyunçulardır. Bu cür davam etməsi çox önəmlidir. Bizi qarşıda çox çətin III tur gözləyir. “Zirə” də 2 oyunda qalib gəlib və biz onların meydançasında oynayacağıq. Maraqlı matç olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq üçün çox tezdir. Çempionat çox güclüdür, qarşıda xeyli oyun var. İndidən bu nəticələrə dair biz şey demək olmaz. Növbəti oyunlara hazırlaşmalıyıq. Əsas məsələ budur ki, çempionatda çox gözlənilməz oyunlar da ola bilər. Məsələn, debütant “Şəfa” səfərdə “Qəbələ”ni məğlub edib. Burada gözləmək olmaz ki, badalaq haradan gələcək. Çünki bərabər səviyyəli komandalardan ibarət çempionatdır.

– Ötən mövsüm əvəzedici heyətdə çıxış etmiş Aslan Şirinov bu gün əsas komanda ilə oyuna çıxdı. Oyundan sonra ona nə dediniz?

– Bu gün üç yetirməmiz bizimlə məşq edir. Aslan Şirinov, Məhdi Həsənov və Məhəmməd adlı qapıçı. Həm millinin, həm də gənclərdən ibarət yığmanın baş məşqçilərinə kifayət qədər kömək etməyi çox istəyirəm. Onların da əllərində kifayət qədər materialın olmasını istəyirəm. “Neftçi”də debüt etdi və düşünürəm ki, bu, onların həyatında ömürlük yadda qalacaq hadisə olacaq. Özü də qələbə qazanıldı. Bu, onun üçün bir fürsətdir, başa düşərək öz üzərində çox işləməlidir. Yalnız alın təri, ağır zəhmətlə çalışaraq irəli getmək olar. Bunun üçün resursları – sürət və istəyi var, qüvvətli insandır. Düşünürəm ki, bu da yaxşı nəticə verəcək. Ona görə də Şirinova şans verməyin gərəkliyini düşündüm. Qoy, həm sevinsin, həm də böyük motivasiya alsın. O mənada ki, böyük tarixçəsi olan komandada debüt etməsi tarixi hadisədir. O, buna layiqdir, hər şeyi öz zəhməti ilə qazanıb. Bu qərar komanda ilə münasibəti əsasında verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right