"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasına qarşı keçirəcəyi oyunların hakimləri bəlli olub.
Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Komandalar arasında Bakıda təşkil olunacaq ilk görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Lukaş Kujma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Marçin Şerboviç yerinə yetirəcək.
Bakı təmsilçisinin Finlandiyadakı cavab matçına isə İsraildən olan ədalət təmsilçiləri təyin ediliblər. Həmin görüşdə baş hakim funksiyasını Qal Leybovits yerinə yetirəcək. Roy Hassan və Yossi Babayof yan xətt hakimləri, Dekel Zino isə dördüncü hakim olacaq.
Xatırladaq ki, tərəflər arasında ilk oyun iyulun 21-də Bakıda saat 20:00-da, cavab qarşılaşması isə iyulun 28-də Finlandiyada Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.