Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.Oyundan sonra “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev Newsport.az saytına müsahibə verib.
- 2016-cı ilin ilk rəsmi oyununda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Məncə “Neftçi”yə qarşı yaxşı oynadıq. Oyun baxımından rəqibə uduzmadıq.
- Bu, “Sumqayıt”da rəsmi debütün idi. Çıxışından razı qaldın?
- Mənim bu haqda danışmağım yaxşı çıxmaz. Həm də uduzmuşuqsa, deməli yaxşı oynamamışam.
- Sanki “Sumqayıt”ın müdafiəçiləri sabiq komandan “İnter”in arxa xətt oyunçularından fərqli olaraq, sənə çox kömək etmirlər. Həqiqətən belədir?
- Deməzdim. Hər komandanın öz oyun üslubu var. Hazırda karyeramı "Sumqayıt"da davam etdirirəm. Düşünürəm ki, gələn oyunlarda daha yaxşı olacaq. Birinci oyun hər zaman ağır olur.
- Birinci hissədən fərqli olaraq, ikinci hissədə zəif təsir bağışladız. Bunun səbəbini nədə görürsən?
- Komandada hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır. Bu futboldu və alınmayanda alınmır. Hər dəqiqənin öz hökmü var. "Neftçi" əlinə düşən imkandan maksimum yararlanıb, qələbə qazandı.
- “İnter”dən ayrılanda sonra karyeranı xaricdə davam etdirəcəyin gözlənilirdi. “Sumqayıt”a keçməyinə səbəb nə oldu?
- Türkiyədən yaxşı təklif var idi. Mən də istəyirdim ki, ölkə xaricinə gedim. Amma mövsümün ortası olduğu üçün bir qədər çətinlik yarandı. Yayda xaricə yollanmaq istəyirəm.
- “İnter”dəki problemlər yavaş-yavaş həllini tapır. Hazırda həmin klubu tərk etdiyin üçün peşman deyilsən?
- Yox, peşman deyiləm. “İnter”dən kimdənsə inciyib, küsüb getməmişəm. Futbolda qazandıqlarıma görə “İnter”ə borcluyam. Bu komanda mənə çox kömək olub. Amma futbold bir klubdsa daim qalmaq çətindi.
- Sabiq klubundan fərqli olaraq, “Sumqayıt”la avrokuboklara yollanmaq çətindi. Razısan?
- "Sumqayıt" cavan komandadı. Lakin durumda avrokuboklara hansı komandaların gedəcəyi bəlli deyil.
- “İnter”dən ayrıldıqdan sonra geri qayıda bilərdin. Qayıtmamağına səbəb Kamran Ağayevin transferi oldu?
- Yox, belə deyil. Kamran Ağayevin özü ilə də danışdım. Eləcə də “Inter”in qapıçılarla işləyən məşqçisi Cəmaləddin Əliyevlə. Dedi sən qayıtmırsansa, Kamranı gətirək.Yəni,mən qayıtmadım deyə Kamranı komandaya gətirdilər.