Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanan "Kəpəz” ötən gün yoxlama oyunu keçirib. Gəncə təmsilçisi "Bakcell Arena”da "Neftçi”nin qonağı olub. Qarşılaşma "Neftçi”nin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra "Kəpəz”in baş məşqçisi Şahin Diniyev Newsport.az-ın suallarını cavablandrıb.
-Komandanızın qış fasiləsindəki hazırlığını necə dəyərləndirirsiniz?
-Yanvar ayının 17-də Yevlaxdakı hazırlığımızı başa vurub Bakıya gəlmişik. Hələlik futbolçularda müəyyən yorğunluq var. Təxminən 10 gün sonra komanda yaxşı duruma gələcək. Futbolçulara az oynamaq şansı yaradırıq. Yoxlama oyununda "Neftçi”yə məğlub olsaq da, bu oyunlarda nəticə önəmli deyil. Həmçinin,2 aparıcı oyunçumuz – Budaq Nəsirov və Namiq Ələsgərov hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsindədir.
-Baxışda olan ukraynalı Vladimir Korobka "Neftçi” ilə oyunda qol vurdu. Onunla bağlı qərar qəbul etmisinizmi?
-Bu oyunda Korobka ilə bağlı yekun qərar qəbul edə bilmədim. Hələlik, potensialını tam aça bilməyib. Elə vəziyyətdir ki, legioner seçimində səhv qərar verə bilmərik. Büdcəmiz məhduddur. Nəzərə almaq lazımdır ki, legioner maaşını dollarla alır. Yanvar ayının 26-da "Ağsu” ilə yoxlama oyunundan sonra qərar verəcəyik. Bu yöndə tələsmək istəmirəm.
-Manatın devalvasiyası "Kəpəz”ə necə təsir edib?
-Həqiqətən də, maliyyə səbəblərinə görə planlardan kənara çıxdıq. Desəm ki, devalvasiya bizə təsir etməyib yalan olar. Komandanın mövsümün sonunadək eyni tempdə davam edəcəyinə çalışmalayıq. 3-4 futbolçumuz getsə də, onların yerini doldurmağa çalışırıq. Ehtiyat oyunçular skamiyamız kasaddır. İstənilən zədəli oyunçu yeni problem olacaq.
-"Kəpəz” bu heyətlə Avropa Liqasına vəsiqəni təmin edə biləcək?
-Mövsümün ilk hissəsində keçirdiyimiz oyunlara nəzər salsaq Avropa Liqasında oynamağa layiqik. Bundan sonra necə olacağını zaman göstərəcək. Qeyd etdiyim kimi, Yevlaxda yaxşı hazırlıq keçdik. Yevlaxdakı təlim-məşq toplanışının komandamıza çox xeyri dəyəcək. Düşünürəm ki, daha yaxşı mübarizə aparacağıq.
-Zədə səbəbindən Braziliyada əməliyyat olunan Dario Federikonun son durumu necədir?
-Dario hazırda bərpa prosesi keçir. Martın ortalarında komandaya qoşulacaq.
-Namiq Ələsgərovun gəlişindən sonra "Kəpəz”in cinahlardan olan problemi həll olunacaq?
-Ələsgərovu sağ cinahda oynadacağıq. Namiq bizə çox kömək edəcək. Sol cimahda kimin oynayacağına isə baxacağıq. Bəxtiyar Soltanovdan da, komandada qalsa, Vladimir Korobkadan faydalana bilərik. Sözügedən mövqedə Əli Səmədov da var. Əlavə edim ki, əvəzedici komandadan əsas komandaya daha bir futbolçu cəlb edəcəyik.
-Namiq Ələsgərov texnikalı futbolçudu. Gəncə stadionunun qazonu isə ideal vəziyyətdə deyil. Meydanın hazırkı durumu Namiqin çıxışına təsir edə bilər?
-Razıyam. Bu məqam onun çıxışına problem yaradacaq. Deyərdim ki, mövsümün ilk yarısında "İnter” və "Rəvan”la qarşılaşmalarda məhz qazonun durumuna görə xal itkiləri ilə üzləşdik. Hazırda qazonla bağlı iş gedir. Ümid edirəm ki, "Qəbələ” ilə qarşılaşmada meydan, heç olmasa, dez olacaq.
-Bəxtiyar Soltanovu hücumçu kimi sınamağınız mümkündür?
-Bu barədə düşünürəm. Bəxtiyar hücumda komandaya çox xeyir verə bilər. Çünki hazırda cinahlarda oynayannda sürəti çatışmır.
-II hissəsnin ilk turunda "Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyuna qədər "Kəpəz” tam hazır olacaq?
-Komandaya yükü elə vermişik ki, 10 gün futbolçular formada olmayacaqlar. Yığılan güc 10 gündən sonra faydasını verəcək. "Qəbələ” ilə oyunda fərqli "Kəpəz” görəcəksiniz.
Mərdan Həsənov