"Qarabağ" - "Sumqayıt" (2:2) matçı təkcə nəticəsinə görə diqqəti çəkmədi. Matçda yaşanan bir epizod daha çox müzakirələrə yol açdı. Belə ki, qarşılaşmanın 80-ci dəqiqəsində yan xətt hakimi Vaqif Musayev "Qarabağ"ın əleyhinə qayda pozuntusuna görə bayrağını havaya qaldırıb. Bu isə "köhlən atlar"ın kapitanı Rəşad Sadıqovun etirazına səbəb olub. Bəzi həmkarlarımızın qeydlərinə inansaq, laysmana kəskin şəkildə etiraz edən müdafiəçi hətta ona tərəf tüpürüb.
Həqiqəti üzə çıxarmaq üçün yenidən oyunun videoyazısını izləmək qərarına gəldik. Əslində çəkiliş uzaqdan olduğundan qəti fikir bildirmək çətindi. Ancaq bəzi detalları qeyd etməliyik. Rəşad laysmandan təxminən 7-8 metr aralıda etiraz edir. Bu vaxt artıq Maksim Medvedev yan xətt hakiminə Sadıqovdan daha yaxındı. Rəşad narazılığını bildirərkən, yerə tüpürür. Müdafiəçi başı ilə də narazılıq edir. Bu zaman onun üzü laysmana tərəf olsa da, ona yox, yerə tüpürür.
Məqamla bağlı ilk olaraq "Qarabağ" tərəfinin mövqeyini öyrənməyi lazım bildik. Klubun mət-buat katibi Nurlan İbrahimov bunları dedi: "Rəşad hakimin qərarından narazı ola bilər. Bu haqda oyundan sonra verdiyi açıqlamada da bildirib. Yəni futbol emosianal oyundu. Ancaq kapitan hakimə tüpürməyib.
Sadıqov həmişə nümunəvi davranış nümayiş etdirib. Xüsusən "feyr-pley" məsələlərinə həssas yanaşır. Elə "Sumqayıt"la matçda komanda hücum qurarkən, rəqib futbolçulardan biri yerdə qaldı. Rəşad topu kənara çıxarmaqla diqqət mərkəzinə düşdü. Öncəki illərdə də belə nümunələr olub. Yığmanın Türkiyə ilə oyununda Kamran Ağayevin simulyasiya olayı hər kəsin yadındadı. Bundan başqa, "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldiyimiz matçda Rəşad hakimə qaydalar çərçivəsindən kənar vurulan qolu qeydə almamasını bildirmişdi. Bir sözlə, nəsə olsa, Rəşad özü etiraf edir".
Elə buna görə də Sadıqovun özünün də fikirlərini öyrəndik: "Haqqımda bəzən elə yazılar olur ki, onlara münasibət bildirmək istəmirəm. Sadəcə, indiki suala cavab verməyə çalışacam. Həmin epizod yadımdadı. Oyunun sonlarına yaxın idi. Bizim cərimə meydançasının yaxınlığında hakim əleyhimizə qayda pozuntusu qeydə aldı. Həmin qərara etiraz etdim. Mənimlə laysman arasında azı 10 metrə yaxın məsafə var idi. Heç yan xətt hakiminə yaxınlaşmadım.
Düzdü, etirazımı bir qədər emosianal şəkildə bildirdim. Bunu etiraf edirəm. Bir məqamı qeyd edim ki, oyun vaxtı tüpürmək məndə adətdi. Dəfələrlə bunu tərgitməyə çalışmışam, alınmayıb. Əslində yaxınlarım da bunu mənə tez-tez deyir. Ancaq oyun vaxtı fikir vermirəm. O ki qaldı həmin epizoda, ola bilər, kənardan elə görünüb. Hərdən olur ki, "mənim haqqımda bu iddia yalan-dı, belə bir şey olmayıb" deyirəm.
Lakin bu dəfə kənardan elə görünə bilər ki, mən hakimə etiraz əlaməti olaraq tüpürdüm. Düzdü, kəskin şəkildə narazılığımı bildirdim. Amma Allah qorusun, mən heç vaxt hakimə, futbolçuya və ya həyatda kiməsə tüpürüm. Ondansa, vurmaq tüpürməkdən daha yaxşıdı. Ola bilər, həmin an əsəbi şəkildə yerə tüpürmüşəm. Yaxud da başla etiraz edib, dönüb getmişəm. Kənardan elə görünüb ki, tüpürdüm. Yəni detal olaraq dəqiq yadımda deyil.
Elə bir niyyətim olmayıb ki, hakimə tüpürüm. Bu hal indiyə kimi də məndə baş verməyib. Nə hakimə tüpürmüşəm, nə də hansısa futbolçunu vurmuşam. Yenə deyirəm, bəlkə də kənardan elə görünüb. İnşallah, düşünürəm ki, elə bir şey olmayıb... Həmin epizoda bir qədər sərt reaksiya verdim. Əl-qol hərəkətləri ilə də qayda pozuntusunun olmadığını bildirib, etiraz etdim. Amma cərimə var idi. Sadəcə, oyun anı idi.
Etiraz edəndən sonra özüm də peşman oldum ki, niyə belə etiraz etdim. Çox güman, nəticəyə görə məndə elə bir emosianal əhval-ruhiyyə yaranmışdı. Hesabda geridə idik və məğlub olmaq istəmirdim. Ondan irəli gələn bir narazılıq idi. Əslində isə hakimin qərarı doğru idi. Özü də Vaqif Musayev təcrübəli hakimlərimizdən biridi. Mən futbola başlayanda o artıq hakimlik edirdi. Onunla dialoqumuz həmişə yaxşı alınıb.
Əminəm ki, təhqiramiz nəsə etsəm, hakimlər məni bağışlamayacaq. Bütün hakimlər də bilir ki, mən sərt danışanda belə, ortadakı pərdəni götürmürəm. Ola bilər, bir qədər emosianal danışım. Amma şükür ki, bu günə kimi nə hakim, nə də rəqib futbolçu və məşqçisi ilə o sərhəddi keçmişəm. Kimisə təhqir və ya xətrinə dəyən bir şey etməmişəm. Allahın köməyi ilə karyeramın sonuna kimi belə olar" ("Futbol+").