Türkiyənin "Mersin İdmanyurdu" klubu "Sumqayıt"ın hücumçusu Tural Rzayevə görə bu kluba rəsmi müraciət ünvanlayıb.
Newsport.az-ın məlumatına görə, Sumqayıtın eyniadlı təmsilçisi futbolçunun qardaş ölkənin Super Liqa klubunda oynamasına şərait yaratmaq üçün onu hətta pulsuz buraxmağa da razıdır.
Klubdan aldığımız məlumata görə, onlar digər futbolçular üçün stimul yaratmaq məqsədilə 20 yaşlı hücumçuya belə bir şans yaradıblar.
Qeyd edək ki, "Mersin İdmanyurdu" Türkiyə Super Liqasında çıxış edir. Komanda geridə qalan turlarda cəmi 10 xal toplaya bilib və hazırda 17-ci pillədə qərarlaşıb.
Maraq üçün onu da qeyd edək ki, "Bakı"nın sabiq baş məşqçisi Bülənt Qorxmazın çalışdırdığı bu komanda "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevi də heyətinə qatmaq istəyir.