Azərbaycan Premyer Liqasında debut edən "Zirə"klubu qış fasiləsinə 3-cü yerdə çıxdı.Bu debutant üçün böyük uğurdur.Bu nəticənin səbəbkarlarından biri və bəlkə də birincisi komandanın baş məşqçisi Adil Şükürovdur.Gənc məşqçi komandanın hal-hazırdakı vəziyyəti və gələcəy planları ilə bağlı Newsport.az saytına müsahibə verib.
-“Zirə”klubu ilə əməkdaşlığınız necə başladı?
- Mən ümumiyyətlə məşqçilik karyeramı Hafiz Məmmədova borcluyam. İlk dəfə “Bakı” klubunda işləmişəm. “Zirə”yə gələndə də Hafiz müəllmdən halallığını almışam. Çox istərdim ki, “Bakı” əvvəlki vəziyyətinə qayıtsın və çempionatımıza rəng qatsın.
- İlk dəfə Premyer Liqada mübarizə apar “Zirə”nin fasiləyə kimi olan çıxışı hamıya sürpriz oldu. Siz komandanızın oyunlarını necə dəyərləndirirsiniz?
- Deyə bilərəm ki, qarşımıza qoyduğumuz məqsədin bir hissəsinə nail olduq. Əgər bu gün böyük klubların arasında yer tapa bilmişiksə, demək ki, işimizin öhdəsindən yaxşı gəlmişik. Amma dayanmaq olmaz. Qarşıda bizi çətin iki dövrə gözləyir. Keçirdiyimiz oyunları unudub, 3-cü və 4- cü dövrədəki çətin oyunblara hazırlaşmaq lazımdır. Çünki komandamızın tam formalaşması üçün hələ çox zamana ehtiyyacımız var .
- Bu səviyyəyə çatacağınız gözlənilən idi?
- Biz hər zaman qarşımıza bir məqsəd qoyub iş görürük. Yaxşı nəticələr qazanmaq üçün mübarizəyə qoşulmuşuq. Amma qarşımıza hansısa bir yeri tutmaq məqsədi qoymamışdıq.
- “Zirə” klub olaraq bu səviyyəyə çatmaq üçün neynədi?
- Biz sadəcə olaraq uzun müddətli plan üzərində işləmədik. Bizim planımızda meydana çıxdığımız hər oyundan yaxşı nəticə qazanmaq idi. Məncə əsas səbəb bu idi.
- “Qarabağ” kimi klubla çempionluq uğrunda mübarizə aparmaq nə nərəcədə asandır?
- Bizim məqsədimiz ilk dəfə qatıldığımız çempionatda oyundan-oyuna güclənmək, təcrübə toplamaqdır.
- “Zirə” Avropa Liqasına vəsiqə qazana bilsə, UEFA lisenziya verməyə də bilər. Bu haqda nə düşünürsünüz?
- Biz futbolçuların qarşısına məqsəd qoyanda onlardan bu Avropa Liqasına vəsiqə qazanmalısınız demirik. Çünki bu səbəbləri də düşünürük:Əgər sabah lisenziya verilməsə məqsədinə çatmış futbolşular üçün bu həm haqsızlıq olar, həm də psixoloji təsir edə bilər.Ona görə də biz ancaq meydana çıxacağımız oyunları düşünürük. Lisenziya məsələsini isə rəhbərlik, federasiya özü yəqin ki, danışıb bir qərar verəcəklər.
- Ümumiyyətlə bu barədə rəhbərliklə danışmısınız?
- İnşallah qarşıdakı günlərdə müzakirə edəcəyik. Sözün düzü bu səviyyəyə çatacağımızı gözləmirdik. Əgər bu uğura nail olmuşuqsa yəqin ki bu haqda düşünmək lazımdır artıq.
- “Zirə”yə kifayət qədər futbolçu cəlb etdiniz. Etimadınızı doğrultmayanlar oldumu?
- Xeyir, demək olar ki, bütün futbolçular onlardan gözlədiyimiz nəticəni verdi.
- Rasim Ramaldanovla klubunuzun maraqlandığını,amma transfer məsələsinin alınmadığı ilə bağlı xəbərlər yayılır.
- Yox, Rasim bizim planımızda olmayıb. Onunla heç bir danışığımız da olmayıb.Ramaldanov çox güclü futbolçudur.Amma onun mövqeyində yetərincə güclü futbolçularımız var
- Qış fasiləsində komandanı hansı sistemə uyğun hazırlayacaqsınız?
- Bu günə kimi bizim üstünlüyümüz onda idi ki, “Zirə”ni çox komanda ciddi qəbul etmirdi. Amma artıq bütün komandalar gördü ki, “Zirə” də iddialı rəqibdir. Ona görə də fasilədə əsas məqsədimiz o olacaq ki , çempionatda oynayacağımız hər bir rəqibə sürpriz edə bilək.
- Mətbuatda yayılan xəbərə görə “Zirə”yə yeni baş məşqçi gətiriləcək. Bu nə dərəcədə realdır? Yəni qazandığınız bu uğurlardan sonra rəhbərlik sizi dəyişə bilər?
- Hər zaman çalışmışam ki, mənə etimad göstərən insanların güvənini boşa çıxarmayım. Bu günə qədər belə söhbət olmayıb. Kimsə bu haqda danışırsa demək ki, özündən söz qoşur. Nə rəhbərlikdən, nə də tanıdığım insanlardan bu haqda eşitməmişəm.
- Avropa Liqasına vəsiqə qazansanız “Zirə”nin bazası standartlara uyğun deyil. Bu haqda rəhbərliklə danışmısınız?
- Bəli, bu məsələ ilə bağlı söhbətimiz olub. Biz Zirədə hər şeyi yeni qurmağa başlamışıq. Klub rəhbərliyi də bizə lazımi dəstəyi göstərir. Hətta stadionun öt örtüyünün dəyişilməsi ilə bağlı söhbətimiz də olub və onlar bizi dəstəklədilər. Onu da qeyd etdilər ki, artıq Zirədə baza tikilməlidir. Yəni gələcək üçün planlar böyükdür.
- Fasilədə komandadan hansısa futbolçu ayrılacaq?
- Ola bilər. Çünki futbolda hər şey mümkündür. Elə bir komanda yoxdur ki, ordan kimsə getməsin və əvəzi doldurulmasın. Bəzi futbolçular var ki, onlar daha çox oynamaq istəyirlər və bu şans bizdə olmur. Belə olan halda müraciət edə bilərlər ki, biz getmək istəyirik. Futbolçulara son iclasda da demişik ki, onların fikirlərinə hörmətlə yanaşırıq.
-Siz kimi göndərmək istəyirsiniz?
- Bizim belə bir siyahımız yoxdur. Hələlik hansısa futbolçu ilə yollarımızı ayırmaq fikrimiz yoxdur.
- Yəni bütün futbolçulardan razısınız?
- Düzü razı olmadığım futbolçu yoxdur. Amma ola bilər ki, hansısa futbolçu etimadı doğrultmayıb biz onu göndərmək istəməzdik. Amma futbolçunun özü getmək istəsə ona problem də yaratmarıq.
- Belə çıxır ki,etimadı doğrultmayan futbolçu getmək istəməsə onu yenə də klubda saxlayacaqsınız?
- Bizim üstünlüyümüz ondadır ki, komandadakı hər bir futbolçu məsuliyyəti dərk edən və oynamaq istəyən futbolçulardır. Komandamızdakı futbolçuların əksəriyyəti gəldikləri klubda əsas heyətdə oynamayıb. Biz ən yaxşılarını oynatmağa çalışırıq. Əgər bizdə də heyətə düşə bilməyən futbolçulardan getmək istəyən olsa, yenə qeyd edirem onlara problem yaratmarıq.
- Komandanızda milli çempionatda oynayan hansı futbolçuları görmək istərdiniz?
- Təbii ki, ən yaxşı futbolçuları komandamda görmək istərdim. Çünki onlarla işləmək həqiqətən də insane zövq verir. Çünki istədiyini meydanda icra etməyi bacarırlar. Amma indiki vaxtda elə futbolçuları komandaya cəlb etmək mənim özümçün inkişafdan qalmaq deməkdir.
Mərdan Həsənov