Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı bərabərə qalan "Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, ukraynalı futbolçu iki xal itirdiklərini deyib:
- Erkən qol vursanız da, qələbə hesabını qoruya bilmədiniz...
- Qələbə qazana bilərdik. Reallaşdıra bilmədiyimiz epizodlar oldu. "Qarabağ"ın topla yaxşı davranması bizə əlavə çətinlik yaratdı. Artırmalı olduğumuz məqamlar var.
- Qış fasiləsinə qədər olan dövrü necə qiymətləndirirsən? Çünki mövsümə yaxşı başlasanız da, sonradan xallar itirdiniz.
- Futbolda belə anlar olur. Üstəlik yeni yığılmış komandayıqsa, bu qaçılmaz haldı. Hər oyunda qələbə qazanmağımız mümkün deyil. Toparlanmalı, vahid komanda şəklində olmalıyıq.
- Rəqib komandadakı həmkarın Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçilən zaman sənin adını çəkmişdi. Sən özünü ən yaxşı hesab edirsinizmi?
- Almeyda bu titula layiqdi. Onu təbrik edir, uğurlar arzulayıram.
- Yarımmüdafiə xəttində yer alan futbolçular yorğun görünürdülər. Xüsusilə də, əks-hücumlara qoşulmaqda çətinlik çəkirdiniz. Bunu nə ilə əlaqələndirirsən?
- Yorğunluq var idi, amma futbolçunun işi təqvimə uyğun oyunlara çıxmaqdı, verilən tapşırıqları yerinə yetirməkdi. Kənardan necə görünürük, deyə bilmərəm. Amma yorğunluqdan şikayət etməməliyik.
- Bu matçda bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Fikrimcə, iki xal itirdik.