Azərbaycan Premyer Liqasının 18-ci turunda evdə "Qəbələ"ylə bərabərə qalan (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, Qurbanov yetirmələrinin oyunundan razı qaldığını deyib:
- Yaxşı və maraqlı oyun alındı. Oyunun xüsusilə son anlarında çox həyəcanlı anlar yaşandı. Futbolçular səbrli oyun nümayiş etdirdilər. Bu oyunda 0:2 hesabıyla məğlub da ola bilərdik. Ancaq əksi də ola bilərdi. Hər iki komanda istirahətə layiqdi. Futbolçularımdan razı qaldım.
- Sizcə komandanın hücum xəttində problemlər var?
- Bizdə hücum xəttində həmişə problemlər olub. Yaxşı hücumçu olsa, komandaya cəlb etməyə hazırıq.
- Sizcə qələbə üçün komandada nə çatmadı?
- Hər iki komanda ağır mövsüm keçirdi. Buna baxmayaraq, hər iki komanda sürətli oyun nüməyiş etdirdi. Qələbə üçün qol çatmadı. Şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Hər bir futbolçu belə fürsətləri dəyərləndirmək üçün öz üzərində çalışmalıdı.
- Rahid Əmirquliyevin "Qarabağ"la razılaşdığı barədə deyilir...
- Rahid kimi futbolçunun komandamda olmasını istəyərdim. Ancaq transfer məsələləri hələ tam aydın deyil.
-"Qarabağ"da Rahidin mövqeyində çox güclü futbolçular var,sizcə Rahid sizə lazımdırmı?
-Bizim hər zaman güclü futbolçulara ehtiyacımız var.
- Muarem "Qarabağ"a qayıtmaq istədiyini deyib...
- Əvvəl də demişdim, Muarem kimi oyunçunu komandamda görmək istəyərdim. Ancaq dediyim kimi, hələ heç nə aydın deyil. Ayın 20-dən sonra bu məsələlərə tam aydınlıq gələcək.