Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, “Neftçi” doğma meydanda AZAL-la 0:1 hesabı ilə uduzub.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
- Oyuna ciddi itkilərlər hazırlaşmışdıq. Qurili 3-cü dövrəyə qədər bizə kömək edə bilməyəcək. Futbolçuların hamısına təşəkkür edirəm ki, yüksək səviyyədə oyun nümayiş etdirdilər. "Neftçi"nin oyununu analiz etmişdim. Sürətli hücumları qura bilən komandadı. Buna baxmayaraq, müdafiədə səhvsiz oynadıq. Belə bir gündə komandanın ağır yükünü çiyinlərində daşıyan uşaqlara təşəkkür edirəm.
- Deyəsən, məğlubiyyət Əsgər Abdullayevə pis təsir etmişdi. Qarşılaşmadan sonra sizinlə görüşmək yadından çıxmışdı...
- Şüvəlana gələn məşqçilərin hamısı ilə görüşmüşəm. Bundan zərrə qədər incimirəm. Ancaq bu dəfə belə olmadı. Nə edə bilərik ki?
- Qazandığınız 5 qələbədən 2-i "Neftçi" üzərindədi. "Ağ-qaralar"a qarşı xüsusi motivasiya ilə hazırlaşırsız?
- Açığı, bizim üçün hər bir oyun eynidi. Futbolçulara da bunu demişəm. Oyun oyuna bənzəmir. Bundan öncə "Xəzər Lənkəran"a qarşı fərqli taktika ilə oynamışdıq. "Neftçi"yə qarşı prinsipim var. Bu, komandanın prinsipi deyil, mənə aiddi. "Neftçi"ni 2:1 udandan sonra kimlərsə çıxın deyirsə ki, AZAL küçə komandasıdı, bunun cavabını almalıdı. Bu gün də həmin sözü ona yedizdirdim. Söhbət Ruslan Qurbanovdan getmir.
- Futbolçuların təmas zamanı yerdə sərilib qalmasına münasibətiniz?
- Bunu normal qarşılayıram. Komanda hesabda öndədisə, qələbə üçün bütün vasitələr məqbuldu. Onların hər qərarını hörmətlə yanaşıram. Bu, futbolun yazılmamış qanunudu.