Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə "Sumqayıt"la bərabərə qalan (2:2) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, Qurbanov oyunun çətin keçdiyini deyib:
- Çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq. Rəqib çox istəkli idi. Ümumiyyətlə bu komanda son vaxtlar öz oyun tərzi ilə seçilir. Buna baxmayaraq, 1 xal qazandıq. Dövrənin sonu olduğundan komandada yorğunluq var. Məncə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Bəzən oyunçular yaxşı oyun sərgiləmədikdə onların üzərinə çox getmək lazım deyil. Belə xal itkiləri həmişə olacaq. Mənə "Qəbələ"nin xal itkiləriylə bağlı sual veriləndə də, bundan heç kimin sığortalanmadığını demişdim.
- Rəqibin müdafiə futbolu oynaması nəticəyə nə dərəcə təsir etdi?
- Rəqibdən belə oyun gözləyirdim. Erkən qol buraxmağımız işimizi çətinləşdirdi.
- Qırmızı vərəqə alan Puponu "Qəbələ"ylə oyundan sonra istirahətə buraxacaqsız, yoxsa daha tez? Məlumdu ki, futbolçu qırmızı vərəqə aldığından, ili başa vurub...
- Xeyr, o da komandayla birgə istirahətə yollanacaq.
- Puponun meydandan qovulması hakimin səhvi idi yoxsa özünün?
- Məncə bu, heç kimin səhvi deyildi. Oyunun epizoduna baxdıqdan sonra dəqiq fikir bildirmək olar. Məncə, Pupon həmin epizodda qaydanı bilərəkdən pozmadı.
- Maksimi son oyunlarda sol cinahda oynadırsız. Onun bu mövqedəki oyunu sizi qane edir?
- Bəli, onun oyunundan razıyam. Maksim komandanın təcrübəli üzvlərindən biridi. Onun həm sol, həm də sağ cinahdakı oyunundan razıyam.