Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ"la heç-heçə edən (2:2) "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Abasov nəticənin onlar üçün qələbəyə bərabər olduğunu deyib:
- Oyunun belə keçəcəyi məlum idi. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bəziləri deyir ki, oyunda pressinq tətbiq etməliydik. Ancaq "İnter"lə oyunda çox güc sərf etmişdik. Bəzi oyunçular 90 dəqiqə oynamağa hazır deyillər. Məsələn Mirzağa Hüseynpur, Amil Yunanov və Emin Mehdiyev. "Qarabağ" bu gün Azərbaycanın ən güclü komandasıdı. Bu nəticə bizim üçün qələbəyə bərabərdi.
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Oyundan sonra Elvin Məmmədov və İlqar Qurbanov mənə yaxınlaşaraq, penaltinin olduğunu dedilər. Mən vaxtilə onlarla bir yerdə oynamışam. Onlar penalti var idi deyirlərsə, deməli var idi.
- Komandadan kimlərin gedəcəyi məlumdu?
- Məlumdu, vaxtı çatanda açıqlayacam.
- Komanda əks-hücumda yaxşı təsir bağışlamırdı...
- Bu oyunda Ağabala Ramazanovun oyunu məni təəccübləndirdi. Mirzağaya gəldikdə isə o bayaq da dediyim kimi 90 dəqiqə oynamağa hazır deyil. Məhz buna görə komanda əks-hücumlara sürətli çıxa bilmirdi.