"Futbolçu karyeram uğurlu alınmadı. "Rayo Valyekano”nun qadınlardan ibarət komandasında debüt etsəm də, çox keçmədən zədə aldım. Futbolçu kimi son mövsümümdə artıq "Rayo Valyekano”nun U-13 komandasını çalışdırırdım”.
Newsport.az-ın məlumatına görə, bu sözləri 19 və 21 yaşa qədər qadın futbolçulardan ibarət yığmalarımızın ispaniyalı baş məşqçisi Patrisiya Qonsales deyib.
İspaniya mətbuatına danışan gənc çalışdırıcı məşqçiliyə gəlişindən bəhs edib: "Məşqçiliyə başlamaq qərarına özüm gəldim. Çünki başqa cür futbolda qala bilməyəcəkdim. Bu, futboldakı fəaliyyətimi davam etdirmək mənasında yeganə şansım idi. U-13-dən sonra "Rayo Valyekano”nun U-16, daha sonra isə ikinci komandasını çalışdırmağa başladım. Daha sonra özümü bir anlıq Azərbaycanda gördüm. İndi başa düşürəm ki, futbolçu karyeramı niyə tez bitirdim. Mənim işim məşqçilikdi”.
Qonsales klub və yığmada çalışmağın fərqliliyindən danışıb. O qeyd edib ki, klubda işləyəndə məşqçinin motivasiyası daha yüksək olur: "Hazırda Azərbaycan yığmasında çalışıram. Klub və millidə işləmək bir-birindən fərqlənir. Oyun praktikası olmayan futbolçuları seçmək çox çətindi. Çünki onlar beynəlxalq görüşlərdə həyəcan keçirirlər. Elə oyunçular var ki, biz onlarla mütləq çalışmalıyıq. Millidə il ərzində cəmi 3 oyun keçirməli olursan. Klubda işləyəndə isə motivasiyan daha yüksək olur. Çünki hər həftə komandanı meydana çıxarırsan”.