Dekabrın 1-dən etibarən Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçirilir.
Newsport.az saytının məlumatına görə, yarmarkada iştirak edən "Xəzər Lənkəran"ın evinə xüsusi qonaq gəlib.
Belə ki, cənub təmsilçisinin kapitanı Rahid Əmirquliyev yarmarkada "Xəzər Lənkəran" evini ziyarət edib. Kapitanla görüşə gələn çoxlu sayda azarkeş onunla şəkil çəkdirib, avtoqraf alıb və fikir mübadiləsi aparıb.
Qeyd edək ki, dekabrın 31-nə qədər davam edəcək yarmarkada "Xəzər Lənkəran"a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə bilərlər. Həmçinin fanatlar qeyd olunan dövrə qədər yarrmarkanı ziyarət edəcək digər komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.




