“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Şelburn”un yeni baş məşqçisi Coy Obrayn İrlandiya mətbuatına fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2021-ci ildən köməkçi kimi çalışdığı “Şelburn”u artıq baş məşqçi kimi hazırlamağın fərqli hiss olduğunu deyib.
Obrayn mümkün rəqib “Qarabağ” barədə də danışıb: “Üç ildən çoxdur ki, buradayam. Artıq baş məşqçi kimi komandaya xidmət edəcəyəm. Bu təyinat gözlənilməz, eyni zamanda olduqca şərəflidir. Güclü futbolçulardan ibarət əla heyətimiz var. Bu komanda ilə yenidən tarix yaza bilərik. Məqsədimiz çempionatda ilk “üçlüy”ə daxil olmaq və Çempionlar Liqasında mümkün qədər irəliləməkdir. Artıq ilk iki rəqibimizi tanıyırıq. Əvvəlcə “Linfild”lə matçlar barədə düşünəcəyik. Bu mərhələ keçsək, o zaman daha güclü “Qarabağ”la qarşılaşacağıq. Ancaq Azərbaycan səfəri barədə düşünmək üçün hələ tezdir”.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat məhələsinin “Şelburn” – “Linfild” cütünün qalibi növbəti raundda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-23-də səfərdə, cavab matçını bir həftə sonra evdə keçirəcək.