Premyer Liqamızda qış çempionluğu bu bazar rəsmiləşəcəkmi?
Azərbaycan Premyer Liqasının son turunda düz mütənasiblik oldu. Belə ki, keçirilən 5 oyundan 1-də meydan sahibləri, 1-də qonaqlar (özü də hər ikisi 1:0) qalib gəldi, 3 matç isə heç-heçə (müxtəlif hesablarla) nəticələndi. Gəlin, digər maraqlı məqamlara birgə nəzər salaq.
Yenə "İnter" üzərində qələbə, yenə Dani Kİntana
“Qarabağ” son 2 mövsümdə çempionluq mübarizəsində qalib gəldiyi “İnter”dən yenə də üstün oldu. Maraqlıdır ki, “bankirlər” bu çempionatda Ağdam klubundan hələ ki nəinki xal ala, qol da bilmir. Cari mövsümdə “Qarabağ”ın şərəfini qoruyan ispan yarımmüdafiəçi Dani Kintana ilk dövrədə olduğu kimi “İnter”in qapısına yol tapdı.
Turnir cədvəlində 2-ci pillə artıq “İnter”in yox, yenidən “Qəbələ”nindir. Roman Qriqorçukun yetirmələri çempionatda 2 aylıq qələbə həsrətinə son qoydu. Özü də son qələbələr “Böyük oyun”un iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran” üzərində eyni hesabla – 1:0 qazanılıb. O da maraqlıdır ki, hər 2 qolun müəllifi ukraynalı hücumçu Aleksey Antonovdur. Yeri gəlmişkən, Antonov 6 qolla “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda kimi bombardirlər siyahısında şərikli liderdir. "Qəbələ"nin çempionatda növbəti sınağı da məhz "Neftçi"ylə, ancq bu dəfə evdə olacaq.
“Qarabağ”la “Qəbələ”nin görüşü qalıb. Özü də komandalar bu ilə məhz aralarındakı matçla yekun vuracaq. Ancaq həmin vaxta kimi qış çemponluğu müəyyənləşə bilər. Bunun üçün “Qarabağ”ın növbəti turda qalib gəlməsi gərəkdir. O zaman son 2 tura qalmış 8 xallıq fərq ən yaxın izləyicisi üçün əlçatmaz olacaq.
Əsgər Abdullayev ilk xal itkisinə "Zirə"ylə oyunda məruz qaldı
"Qarabağ"ın bazar günü yekun vurulacaq növbəti turda rəqibi isə “Zirə”dir. Həmin “Zirə” ki debüt mövsümünü keçirdiyi Premyer Liqamıızda ilk məğlubiyyətini məhz “Qarabağ”dan alıb və bu, böyükhesablı olub – 1:4. Ancaq bu dəfə zirəlilər meydan sahibi olacaqlar. Adil Şükürovun yetirmələri son turda “Neftçi”dən xala alaraq, ona yenə uduzmadı (ilk dövrədə 2:0 hesabıyla qalib gəlmişdi). Sadəcə, fərq ondadır ki, rəqibin baş məşqçisi gənc Samir Əliyev yox, onu əvəzləyən təcrübəli Əsgər Abdullayev idi. 55 yaşlı çalışdırıcı “Neftçi”də ilk xal itkisinə məhz “Zirə”ylə matçda məruz qaldı.
“İnter”lə “Zirə”nin xal itirmələri 2-4-cü yerlərdə gedən üçhakimiyyətliliyə son qoydu. Fərq ondadır ki, “Qəbələ”ylə “İnter” yerini dəyişib, “Zirə” isə 3-cü pillədə qalıb.
1 xal qazan, 2 pillə irəlilə
Maraqlıdır ki, 15-ci turun ilk oyun günündə bütün qollar birinci hissədə vuruldu. Ancaq ertəsi keçirilən matçlarda fərqli mənzərə oldu. “Sumqayıt” – “Kəpəz” matçında 4 qol olsa da, fasiləyədək hesab açılmadı. “Rəvan” – AZAL oyununda isə nəinki ilk hissə, heç ikinci hissədə də qol səsi gəlmədi. Bu oyunu autsayderlərin dueli kimi qələmə vermək olardı. Hər halda, son pillənin sahiblərinin görüşü idi. “Rəvan” qalib gələcəyi halda, nəinki AZAL-a çata, ona keçə də bilərdi. Ancaq bu şansı əldən buraxan Bəhmən Həsənovun yetirmələri rəqibindən yenə də 3 xal geridədir. AZAL isə qazandığı 1 xalla turnir cədvəlində birdən-birə 2 pillə irləliləyə, “Sumqayıt”la “Xəzər Lənkəran”ı arxada qoya bildi.
Autsayder “Xəzər Lənkəran”ın ölkə kubokunda mübarizədən kənarlaşdırdığı “Kəpəz” isə uğursuzluq zolağından çıxa bilmir. Qələbə həsrəti bu dəfə də davam etdi. Sumqayıtda məğlubiyyətdən son saniyələrdə kapitan Tural Axundovun penalti zərbəsiylə xilas olmaq mümkün oldu. Bu, müdafiəçinin cari mövsümdən şərəfini qoruduğu klubda ilk qolu idi.
Elə “Sumqayıt” da son vaxtlar qələbə qazana bilmir. Düzdür, ölkə kubokunda I divizion təmsilçisi "Neftçala"nı səfərdə son dəqiqələrdə vurulan qolla (1:0) mübarizədən kənarlaşdırmaq mümkün olsa da, Premyer Liqada qələbəsizlik artıq 5 turdur.
Mehman Süleymanov