Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Hypers Guba" klubunda dəyişiklik edilib.
Newsport.az xəbər verir ki, komanda bundan sonra "Quba" adlandırılacaq.
Şimal təmsilçisi bununla bağlı açıqlama yayıb: "Bir ad, bir dövr başa çatdı… Yeni bir nəfəs başlayır.
Uzaqlardan gələn bir səda var. Qubanın dağlarından, çaylarından, dumanlı səhərlərindən doğan bir çağırış…
Bu çağırışa səs verdik. Komandamız bu gündən etibarən "Hypers Guba" adını rəsmi olaraq "Quba PFK" ilə əvəz edir. Bu rebrendinq, yeni başlanğıcın xəbərçisidir.
“Hypers Guba” adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi…
Amma indi "Quba PFK" adı ilə Qubanın adını daha da yüksəklərə daşımaq zamanıdır.
İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir.
Quba Peşəkar Futbol Klubu (Quba PFK) – səssiz dağların, güclü ruhun komandası kimi yeni tarixlər yazmaq ümidi ilə".