Millimizin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstanla keçirilən yoxlama matçından (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Newsport.az həmin müsahibəni təqdim edir:
– Qarışıq bir qarşılaşma oldu. Oyunun sonlarında heç-heçəyə çox yaxın idik. Amma digər tərəfdən, matça istədiyimiz kimi başlamadıq. Tez bir zamanda qapımızda qol gördük. Daha sonra hesabı bərabərləşdirdik, ancaq rəqib yenidən önə keçdi. İkinci hissədə daha fəal oynadıq, qol imkanlarımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Macarıstan güclü komandadır.
– Mövsümün artıq sonuna gəlib çatdığımızı və 3 gün öncə Latviya ilə səfər oyunu keçirdiyinizi nəzərə alsaq, fiziki yorğunluq hiss olunurdumu?
– Əlbəttə, mövsümün sonlarında istər-istəməz yorğunluq özünü göstərir. Üstəlik, dediyiniz kimi, Latviya ilə oyunumuz olmuşdu. Bununla belə, maksimum səylə çıxış etməyə, hesabı bərabərləşdirməyə çalışdıq. Əgər fürsət olsaydı, qələbə qazanmağı çox istəyərdik.
– Qələbəsiz oyunların sayı artıq 10-a çatdı. Azarkeşlər nə vaxt qələbə sevinci yaşayacaq?
– Komanda olaraq bu vəziyyətdən çox narahatıq. İnanın, buradan çıxmaq üçün əlimizdən gələni edirik. Məğlubiyyət bizi məyus edir.
– Son bir ildə qələbə üzünə həsrət qalan yığmamızdan DÇ-2026-nın seçmə mərhələsində nə gözləmək olar?
– Son iki oyuna baxsaq, elə də zəif təsir bağışlamadıq. Müsbət cəhətlər oldu. Amma daha da inkişaf etməliyik.
– Qarşıda Estoniya və Latviya kimi rəqiblər yox, Fransa, Ukrayna və İslandiya var…
– Bəli, qarşımızda çox güclü komandalar dayanır. Amma biz meydana çıxıb bütün gücümüzlə mübarizə aparmalı, layiqincə çıxış etməyə çalışmalıyıq.