Bu gün futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib. Finalda “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəlib. PFL həlledici qarşılaşmada rəqibini 7:1 hesabı ilə üstələyib.
Oyunun fasiləsində Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev müsahibə verib.
Newsport.az həmin müsahibəni təqdim edir:
– Aslan bəy, ilk öncə son mövsümü dəyərləndirərdiz…
– İnsanlar adətən daha çox Premyer Liqanın dəyərləndirilməsinə baxırlar. Bu da normaldır. Çünki orda kütlə daha çoxdur. Həm də, komandalar daha peşəkardır. Amma bizim üçün fərqli liqalar da var. 1-ci, 2-ci liqalar, əvəzedicilər, Region Liqası… Bundan başqa, Azərbaycan kubokunun təşkilatçılığı, oyunların keçirilməsi. Bütün liqalarda gərginlik oldu. Çempionluq oyunlarında, əsasən də, liqalarda qalmaq uğrunda amansız mübarizələr getdi. Çempionatla düşünürəm ki, qane olduq. Digər liqalarda, hətta pley-off yarışlarında gərgin oyunların şahidi olduq. Bütün oyunlar ürəyimizcə oldu. Ümumi olaraq, hər şey öz axırı ilə getdi, hər şey yüksək səviyyədə oldu. Və belə deyək ki, çempionatımız avrokubokların güzgüsüdür. Düşünürəm ki, komandalarımızın orda verəcəyi “imtahan” bizim üçün daha maraqlı olmalıdır. Avrokuboklarda çıxış edəcək komandalarımıza uğurlar arzulayıram.
– Payızda Bakıda keçiriləcək MDB oyunları yeni mövsümdə fasilənin yaranmasına səbəb ola bilər?
– Onunla bağlı artıq təqvim açıqlanıb. Müəyyən stadionlar var, hansı ki, həmin yarışlar keçiriləcək. Bunlar Qəbələ, Şəki şəhər stadionlarıdır. Təqvim müəyyənləşdikdən sonra bizdə püşkatma olacaq. Texniki idman şöbəmiz İdman Nazirliyindən həmin yarışın təqvimini götürüb. Biz çalışacağıq ki, çempionatımızda təxirə salınma olmasın, amma görsək ki, qaçılmazdır, o zaman nəsə ola bilər. İndiki halda isə təxirə salınma ilə bağlı ehtimal çox azdır.
– 2026-cı il dünya çempionatı ilə bağlı yeni mövsümün təqvimində hansısa dəyişiklik nəzərdə tutulub?
– Əslində o FİFA-nın göstərişidir. Bütün liqalara şamil olunur. Bizim təqvimdə onunla bağlı hansısa problem olmayacaq. Avqustun 15-də çempionat başlayacaq və yeni formata uyğun olaraq, 33 turdan ibarət olacaq. Əvvəl 36 idisə, indi üç tur – 21 gündür. Ona görə, hansısa problem olacağını düşünmürəm. Kifayət qədər vaxtımız olacaq.
– “Sabah”ın Azərbaycan kubokunu qazanmasına da münasibət bildirərdiz.
– Münasibətim normaldır. Final bir oyundan ibarətdir. Düzdür, favorit komanda olur, ancaq bir oyun olduğuna görə istənilən komanda qalib gələ bilər. “Qarabağ” çempionatda “Sabah”la qarşılaşmaların birində qələbə qazanıb üçündə isə heç-heçə etmişdi. Bəli, hamı “Qarabağ”ı favorit görürdü, amma bu, “Sabah”ın avrokuboklara çıxmaq üçün son şansı idi, ölüm-dirim mübarizəsi idi. Ona görə də, “Sabah”ın qələbə qazanması mənim üçün sürpriz olmadı. Mənim də klub təcrübəm var, ona görə də, bilirəm ki, komandalar kubok yarışına fərqli yanaşırlar. Dünyanın bütün ölkələrində də görmüşük ki, bir oyundan ibarət qarşılaşmalarda bəzən ağıla gəlməyən komanda daha güclü olana qalib gələ bilir. Oyuna gəlincə, çox möhtəşəm alındı. Həm təşkilatçılıq, həm açılış mərasimi yüksək səviyyədə idi. Sağ olsun PFL (Peşəkar Futbol Liqası) əməkdaşları da, demək olar ki, hər şeyi öz üzərlərinə götürmüşdülər: açılış mərasimindən tutmuş, qapanışa kimi. Oyunun özündə də gərginlik pik həddə idi, son saniyələrdə vurulan qollar, əlavə vaxta qədər uzanması… Düşünürəm ki, əla oyun idi.
komanda.az