Qadınlardan ibarət Monteneqro millisinin futbolçusu Naca Stanoviç UEFA Millətər Liqasının qrup mərhələsində Litva ilə bu gün keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi rəqibin bir neçə gün əvvəl Bakıda Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etməsini sensasiya kimi qələmə verib.
Stanoviç bu nəticənin onların işini asanlaşdıracağını düşünür: “Azərbaycan millisi Litvaya uduzmaqla işimizi xeyli asanlaşdırdı. Səfərdə qalib gəldiyin rəqibə evdə böyük hesabla məğlub olmaq sensasiya sayılmalıdır. İndi bizə heç-heçə də sərf edir. Ancaq Azərbaycan qalib gəlsəydi, daha çox qol vurmaq barədə düşünməli olacaqdıq. Digər tərəfdən Litva da zəif rəqib olmadığını göstərdi. Son matçda onlara qarşı daha diqqətli olmalıyıq. Əks təqdirdə daha bir sensasiyaya yol açmış olarıq”.
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan millisinin 5, Litva yığmasının isə 3 xalı var. Monteneqro seçməsi Litva ilə bugünkü qarşılaşmada məğlub olmasa, millimiz qrupda 2-ci yeri tutacaq.