Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında final oyununa çıxıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanı 4:1 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Newsport.az xəbər verir ki, Elşad Quliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Federasiya rəhbərliyini, əməyi olan hər kəsi təbrik edirəm. Möhtəşəm qələbədir. Bu hissləri yaşamaq lazımdır.
- Bundan əvvəlki çempionatda Macarıstana məğlub olmuşduz. Bu oyunu qisas kimi dəyərləndirmək olar?
- Qisas deməyək. Bu, futboldur, udmaq da olur, uduzmaq da. Qismət bu günə imiş.
- Böyük hesablı qələbə gözləyirdiz?
- Əslində bütün matçlara belə templə başlayırdıq. Bəzi oyunlarda axırıncı zərbələrimiz alınmırdı. Bu gün alındı. Ona görə də böyük hesab qeydə alındı.