"Bütün tapşırıqları yerinə yetirdik və qələbə qazandıq. Hamını qələbə münasibəti ilə təbrik edirəm”.
Newsport.az-ın məlumatına görə, bu sözləri açıqlamasında minifutbol üzrə milli komandamızın kapitanı Elvin Əlizadə Bakıda keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Sloveniya üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edərkən deyib.
O, qrup mərhələsinin son turunda Mavritaniya ilə matçda da qalib gələcəklərinə inanır:
"Mavritaniya yaxşı rəqibdir. Daha cəld, daha sürətli komandadır. Lakin taktiki cəhətdən yaxşı görsənmirlər. İnşallah, həmin matçda da qələbə qazanacağımızı düşünürəm. Biz daha yaxşı hazırlaşmışıq".
Təcrübəli futbolçu ilk turda Bəhreynlə görüşdəki xal itkisinin səbəbini belə izah edib: “Həmin matçda qazon amili bizi mane oldu. İndi örtük “yatıb”. Slovakiyada da belə olmuşdu. Bu təcrübəni keçmişəm. Artıq ikinci görüşdə qazon amilinin təsiri olmadı və öz oyunumuzu sərgilədik. Açığı, Bəhreyn Sloveniyadan güclü komanda deyil. İkinci görüş də göstərdi ki, ilk turdakı xal itkisi meydan amilinə görə idi. Dünya çempionatına yaxşı hazırlaşmışıq. Sloveniyaya qarşı komanda şəklində yaxşı oynadıq. Əzmkarlıq nümayiş etdirdik. Federasiya rəhbərliyinin komanda ilə söhbəti də müsbət təsirini göstərdi. İlk turdakı heç-heçədən sonra bizə dəstək oldular. Azarkeşlərə də təşəkkür edirəm. Onlar bizi artıqlaması ilə dəstəklədilər".