“Çox maraqlı oyun oldu. Azarkeşlər, futbol ictimaiyyəti keçmiş günləri xatırladı, nostalji hisslər yaşadı”.
Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatına həsr olunan ölkə futbolunun əfsanələri arasında keçirilən oyun barədə danışarkən deyib.
Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri”i qarşılaşıb. O.Məmmədov qeyd edib ki, bu cür oyunlar tez-tez keçirilməlidir: “Neftçi”nin, “Qarabağ”ın ulduzlarını gördük. Bu görüş bizə keçmişdəki maraqlı oyunları xatırlatdı. Hesab edirəm ki, bu cür oyunlar tez-tez keçirilməlidir. Dünya çempionatı öncəsi belə bir qarşılaşmanı izləmək azarkeşlər üçün də çox xoş oldu”.
O, azarkeşlərin dünya çempionatında millimizə dəstək olacaqlarına inandığını vurğulayıb: “Matç dostluq şəraitində keçdi. Veteranlarımız, futbol ulduzlarımız azarkeşlərlə ünsiyyətdə oldular. Hər birinə minnətdaram. İnanıram ki, azarkeşlərimiz dünya çempionatında da millimizi dəstəkləyəcəklər. Komandanın buna ehtiyacı var”.
“Veteranların oyununu izləyərkən hansı hisslər keçirdiniz?” sualını federasiya rəhbəri belə cavablandırıb: “Keçmişi xatırladım. Uşaq vaxtı futbol sevgimiz “Neftçi”nin, “Qarabağ”ın oyunlarından başlanırdı. Hamısı xoş xatirələrdir. Yenidən veteranların oyununu izləmək çox xoş oldu”.
Maraqlıdır ki, veteranların görüşündə qələbə qolunu, həlledici penaltini Orxan Məmmədovun rəhbəri olduğu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov vurub: “Bəli, bu da əlamətdar haldır. Rəşad Sadıqov harada olubsa, lider olub. Bu gün yüngül zədəsi olduğu üçün tam gücü ilə oynaya bilmədi”.