“Hər çempionluğun öz hekayəsi, arxasında böyük əziyyətlər olur. Budəfəki titul da belə idi. Həqiqətən çox çalışdıq. Avrokubokda bir az uğursuz olsaq da, sonradan bütün fikirlərimizi çempionata yönəltdik. Növbəti mövsüm də hədəfimiz çempionluq və avrokuboklarda yaxşı nəticə əldə etməkdir”. Bu sözləri Newsport.az saytına açıqlamasında Bəhlul Mustafazadə deyib.
28 yaşlı müdafiəçi Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb. Onun sözlərinə görə, komanda qarşıdakı həlledici matça ciddi şəkildə hazırlaşır: “Kuboka maksimum gücümüzlə hazırlaşırıq. Məqsədimiz bu oyunda da qalib gəlməkdir. Çempionatın əvvəlindən mövsümü iki kubokla başa vurmağı hədəf qoymuşduq. Artıq birini gerçəkləşdirdik. Ümid edirəm ki, kubokda da qalib gələn tərəf biz olacağıq”.
Mustafazadə həm çempionluq, həm də kubok üçün komandanın böyük əzmlə mübarizə apardığını vurğulayıb. Müdafiəçi avrokuboklarda daha yaxşı çıxış etmək istədiklərini və bunun üçün qarşıdakı mövsümün önəmli olduğunu qeyd edib.