“Bakı” klubu ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Rəvan”a qarşı baş tutan oyunun baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb.
Newsport.az-ın məlumatına görə, ikinci hissədə 6 əvəzetmə olmasına, matçın bir neçə dəfə dayandırılmasına baxmayaraq, FIFA referisi ikinci hissəyə vaxt artırmayıb.
Bununla bağlı, “Bakı”nın katibi Zəka İbrahimov saytımıza açıqlamasında bunları deyib: “Biz əvvəldən Əliyar Ağayevin bu oyuna təyinat almasına qarşı idik. Çünki əvvəlki illərdə Ağayevin “Bakı”ya qarşı qərəzi olub. Hətta bizə qarşı qəbul etdiyi səhv qərara görə, 1 il “Bakı”nin oyunlarına təyinat almırdı. İndi başqa hakim tapmadılar bizim oyunumuza göndərməyə?”
“Bakı” rəsmisi hakimdən narazılıqlarının səbəbini belə izah edib: “Əliyar Ağayev oyunun sonuna 1 dəqiqə belə əlavə etmədi. Halbuki ikinci hissədə 3 əvəzetmə oldu. “Rəvan”ın oyunçuları dəfələrlə vaxtı uzatdılar. Üstəlik də, iki dəfə külək meydanın kənarındakı reklam lövhələrini qazona salmışdı. Bütün bunlara baxmayaraq, Əliyar Ağayev oyunun sonuna vaxt artırmadı. Ən qəribəsi isə odur ki, matçdan sonra hakimdən bunun səbəbini soruşanda, “oyunçular belə istədilər” cavabını verdi. Belə çıxır ki, oyunçular “daha 10 dəqiqə oynayaq” və ya “rəqib qapısına penalti təyin et” desəydilər, hakim onların dediklərini edəcəkdi? Etirazımızı matçın protokolunda da qeyd etdik. Ümid edirik ki, bununla bağlı lazımi ölçü götürüləcək”.