Musa Qurbanlı: “Hədəfimiz mövsümü iki kubokla başa vurmaqdır”

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının 34-cü turunda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Newsport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?

- Qalib gəlməyi çox istəyirdik. “Araz-Naxçıvan” çətin rəqibdir. Onlara qarşı oyunlarımız həmişə çətin keçir. Bu səbəbdən də qələbə qazandığımız üçün sevincliyik. Hər qələbə bizi daha da ruhlandırır.

- Hesab arasındakı fərq iki deyil, daha böyük ola bilərdi. Lakin xüsusən birinci hissədə xeyli qol şansını boşa verdiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Futbolda belə hallar olur. Beş qol imkanı varsa, bunlardan ikisini vurmalısan. Beş qol epizodunun beşində də qol vursan, hər oyunda 5:0 hesablı qələbə qazanarsan. Ona görə də çoxlu qol şansı yaratmaq lazımdır ki, qələbə qazanasan. Çox epizod yaratmışıqsa, bu özü də yaxşı əlamətdir. Epizodları yaradıb fərqlənə bilməmişiksə, deməli, dəqiqliyi bir qədər də artırmaq lazımdır.

- İkinci hissə topa nəzarət “Araz-Naxçıvan”ın tərəfində idi. Bir qədər geri çəkilməyiniz yorğunluqdan irəli gəlirdi, yoxsa bu, hesabın verdiyi rahatlıq idi?

- Yorğunluq ola bilər. Eləcə də hesabın 2:0 olması da təsirini göstərirdi. İkinci qoldan sonra motivasiya bir qədər aşağı düşdü. Bununla belə, çalışdıq ki, sona qədər oyun nizam-intizamını qoruyaq.

- Növbəti oyunda “Kəpəz”lə qarşılacaqsınız. Həmin matçda da qələbə əzmini qorumaq mümkün olacaq?

- Çempionluğu təmin etsək də, hər oyuna qələbə üçün çıxırıq. İnşallah yenə də yaxşı oyun göstərib qələbə qazanmağa çalışacağıq.

- Kubokun finalından gözləntiləriniz nədir?

- Ciddi hazırlaşırıq. Hədəfimiz mövsümü iki kubokla başa vurmaqdır. Bütün gücümüzü meydanda qoyacağıq ki, istəyimizə çataq.

- Fikriniz kubokun finalında qalmayıb? Çempionat oyunlarına köklənmək çətin olmur?

- Xeyr, əksinə, bu matçlara bir növ finala hazırlıq kimi baxırıq. Çempionatdakı oyunları yaxşı keçirməsək, fiziki formamız aşağı düşər. Matçlara ciddi yanaşırıq ki, finala hazır olaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right