"Qarabağ"ın və Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "Primavera" klubunun formasını geyinən Riçard Almeyda Ağdam klubundakı dönəmini xatırlayıb.
Newsport.az xəbər verir ki, “Terra”ya danışan Almeyda Ağdam klubu üçün futbolçu axtardığını da deyib: "Qarabağ"ın heyətində avrokubok oyunları həyatıma böyük təsir etdi. İstər ən kiçik, istərsə də ən böyük komanda olsun, mənim üçün hər oyun bir zövq idi və bu, həmişə yaddaşımda qalacaq".
Riçard Azərbaycanı unutmadığını və hətta ölkəmizə bağlı olduğunu da bildirib: "Burada, Braziliyada "Qarabağ" üçün futbolçulara baxıram. Bu vacibdir. Onların davamlı böyüməsinə kömək etmək istəyirəm. “Qarabağ” mənə profillərinə uyğun gələn oyunçuları görmək imkanı verdilər və onları təhlil etməyi təklif etdilər. Əgər “Qarabağ” təqdim edəcəyim futbolçuları bəyənsə, onunla danışacam, agenti olub-olmadığını, klubun şərtlərini öyrənəcəm. Azərbaycan mənə bir çox cəhətdən kömək edən ölkədir. Təkcə futbolda deyil, həm də insan kimi daha yaxşı olmağımda. Yaxşılıq etdilər. Azərbaycanlılar humanist insanlardır, əcnəbi olub-olmamasından asılı olmayaraq, başqalarına hörmət edən, köməklik edən insanlar olurlar. Bu, mənim öyrəndiyim həyat dərsidir. "Qarabağ”da çox şey öyrənmişəm".