Bu mövsümü "Şamaxı" üçün uğurlu hesab etmək olar. Bölgə klubu Premyer Liqada yerini qoruya bilib, son turlardakı nəticələrdən asılı olaraq, mövsümü 6-cı pillədə bitirməsi də real görünür.
"Şamaxı"nın gələn mövsüm gənc futbolçulardan yararlanacağı məlumdur. Ayxan Abbasov həm də U-21 yığmasının məşqçisi olduğu üçün milli üzvlərini çalışdırdığı kluba cəlb etmək niyyətindədir.
Ayxan bəyi tez-tez əvəzedici komandaların, aşağı liqa klublarının oyunlarında görmək mümkündür.
Newsport.az-ın məlumatına görə, Sportal.az saytına açıqlama verən Abbasov gözaltı etdiyi futbolçuların keçidi istiqamətində işlərin aparıldığını deyib:
"Bəzi komandalara müraciət eləmişik, mövsümün sona çatmasını tövsiyə ediblər. "Qarabağ", "Neftçi", "Turan Tovuz", "Qəbələ", "Səbail"dən maraq dairəmizdə olan futbolçular var. Ümumən isti baxırlar, kömək edəcəklərini deyiblər.
Gənc futbolçular özləri də "Şamaxı"ya gəlmək istəyindədilər. Əksəriyyəti öz klublarında legionerlərlə rəqabətdə uduzurlar. Bizdə isə daha çox oynamaq şansı qazanacaqlar.
U-21 millisinin 8-9 futbolçusunu cəlb etməyi düşünürük. Özümüzdə də 3-4 milli üzvünün olduğunu nəzərə alsaq, bu say kifayət edəcək".