Premyer Liqasının XIV turunun son oyununda "Rəvan” səfərdə "Qəbələ”nin qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Matçın son dəqiqəsində Fakundo Pereyra "Qəbələ”nin bərabərlik qolunu vurub.
Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov son dəqiqədə buraxılan qolu və oyunu belə şərh edib:
"Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. "Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq”.