Ötən mövsümü "Bakı”nın heyətində keçirən və mövsüm başa çatdıqdan sonra klubdan ayrılan Giorgos Pelagiasın yeni klubu bəlli olub.
Newsport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi karyerasını Macarıstanda davam etdirəcək. Belə ki, o Macarıstan III Liqasında çıxış edən "Tatabanya” klubu ilə münasibətlərini rəsmiləşdirib. Kipr milli komandasının futbolçusu artıq yeni klubunda debüt etməyi də bacarıb. "Bakı”da 5 nömrəli futbolkanı geyinən Giorgos yeni klubunda 3 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Pelagias 2013/15 mövsümündə "Bakı”nın şərəfini qoruyub. O, paytaxt klubunun heyətində 34 oyunda forma geyinib.
Nəzərinizə çatdıraq ki, Pelagias yay transfer dönəmində "Rəvan”ın diqqət mərkəzində olub. Bəzi mənbələrin məlumatına görə, "aslanlar” qış transfer dönəmində də Pelagiası heyətinə qatmaq niyyətində imiş.