Avropanın milli çempionatlarında cari mövsüm ən çox böyükhesablı qələbə qazanan komandaların siyahısı yenilənib.
Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” cədvəlin ilk “beşliy”ində qərarlaşıb.
Son olaraq 31-ci turda “Neftçi”nin qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi rəqiblər üzərində darmadağınların sayını 13-ə çatdırıb. Bu göstəriciyə görə Azərbaycan çempionu Avropanın ən “qəddar” 4-cü komandasıdır.
“Qarabağ” cari mövsüm 5 dəfə 3:0, 3 dəfə 4:1, eyni sayda 5:0, 2 dəfə isə 4:0 hesablı qalibiyyətə sevinib.
Siyahıya “Seltik” başçılıq edir. Şotlandiya klubu daxili çempionatda keçirdiyi 33 görüşün 18-də rəqiblərini 3 top fərqi ilə və ya daha böyük hesabla üstələyib. Serbiya liqasındakı 31 oyunun 16-da darmadağına sevinən “Srvena Zvezda” ikinci pillədə qərarlaşır. “Qarabağ”dan üstün olan digər komanda isə “Ludoqorets”dir. Razqradlılar Bolqarıstan çempionatındakı 30 görüşün 16-da böyükhesablı qələbə qazanıb.
Avropa nəhəngləri arasında yalnız “Barselona” və “Bayern” “Qarabağ”a yaxın göstərici ilə diqqət çəkiblər. İspanlar 12, almanlar isə 11 darmadağınla yadda qalıblar.