Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi” doğma meydanında "Qarabağ”ı qəbul edib. Qarşılaşma "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Newsport.az-ın suallarını cavablandırıb:
-"Neftçi”yə məğlub oldunuz. Qarşılaşma haqqında nə deyə bilərsiniz?
-Avropa Liqasının oyunundan sonra komandada yorğunluq var idi. "Neftçi” ilə oyunun çətin olacağını bilirdik. Nə etmək olar? Məğlub olduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq.
-Ən yaxın izləyicinizlə xal fərqi artdığından hamı çempion olacağınızı deyirdi. Məğlubiyyəti arxayınlaşmaqla əlaqələndirmək olar?
-İndidən arxayınlaşa bilmərik. Qarşıda uzun marafon var. İndiki vaxtda çempionluq ab-havasına girmək çox tezdi.
-Fasiləyədək iki qol vursanız da hakim bunu hesaba almadı. Lakin ikinci qolun qaydalar çərçivəsində vurulduğu hiss olunurdu. Bunun hansısa təsiri oldumu?
-Hakimin qərarı barədə danışmaq istəmirəm. Epizodlar barədə hər-hansı fikir bildirə bilmərəm. Çünki həmin epizoddan çox uzaq idim.
-"Neftçi” azarkeşləri sizə qarşı xoş olmayan sözlər işlədirdi. Onlara qarşı hansısa hərəkət etməmişdiniz?
-Düzü, "Neftçi” azarkeşlərindən bunu gözləmirdim. Çünki azarkeşlərə qarşı hər-hansı fikir səsləndirməmişdim.
-"Qarabağ” hər oyunda ən azı 4-5 real qol epizodu yaradırdı. Bu dəfə rəqib buna imkan vermədi. Əsgər Abdullayevin komandanı yaxşı təhlil etdiyini demək olarmı?
-Əgər "Neftçi” qələbə qazanıbsa, deməli, nədəsə bizdən üstün oldu. Bizim də fərqlənmək üçün imkanlarımız oldu, amma istifadə edə bilmədik. Komandada arxayınçılıq yox, yorğunluq var. "Tottenhem” bütün gücümüzü aldı.
-Heyətdə müəyyən dəyişiklik edilmişdi. Bu amili oyunun nəticəsinə təsir edən məqam kimi göstərmək olarmı?
-Baş məşqçimiz elə sistem qurub ki, komanda bir oyunçudan asılı deyil. Və bütün oyunlara eyni futbolçular çıxmır. Baş məşqçi hamıya şans verir. Məğlub olmağımızı yorğunluqla bağlayardım. "Tottenhem”in "Neftçi”yə kömək etdiyini də demək olar.